Prezident Kitabxanasında yaradılan və müxtəlif prioritet mövzuları əhatə edən iri həcmli elektron layihələr istifadəçilər üçün zəngin informasiya mənbəyidir.


Heydər Əliyev. Elektron sənədlər toplusu

Heydər Əliyev. Elektron sənədlər toplusu

Prezident Kitabxanası yarandığı gündən ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün sahələrinə aid sənədlərin toplanması və onların elektron variantının hazırlanması üzrə sistemli iş aparır.
"HEYDƏR ƏLİYEV. Elektron sənədlər toplusu" - geniş oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutulan informasiya resursu, sənədlərin rəqəmsal formatda toplanması və qorunması baxımından kompleks informasiya sistemidir.
Müxtəlif oxucu qruplarının, o cümlədən tədqiqatçıların ümummilli liderin zəngin irsini öyrənməyə çox böyük marağını nəzərə alaraq, internet resursda Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdəki nitqlərinin, çıxışlarının, məruzələrinin, bəyanatlarının, müsahibələrinin elektron versiyaları hazırlanmış və illər üzrə qruplaşdırılmışdır.
İlk dəfə olaraq Heydər Əliyevin həyat və fəaliyyətinin xronologiyası (1923-2003) tam şəkildə işlənmişdir. Kitabxananın elektron kataloquna daxil edilmiş "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin 45 cildinin elektron variantı da bu sənədlər toplusuna daxil edilmişdir.


Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət fəaliyyəti

Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət fəaliyyəti

"Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət fəaliyyəti" adlı dörd fəsildən ibarət olan bu elektron nəşrin birinci fəsli "Xarici siyasət fəaliyyətinin xronikası", ikinci fəsli "Xarici siyasətə dair nitqlər, çıxışlar, bəyanatlar, müsahibələr", üçüncü fəsli "Xarici siyasətlə bağlı qanun, fərman və sərəncamların xronikası", dördüncü fəsli isə "Xarici ölkələrə səfərlərin fotoxronikası" adlanır.
Elektron nəşrdə əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu və Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi xarici siyasət kursunun prioritetləri, həyata keçirilən balanslaşdırılmış siyasi xəttin bütün məqamları əhatə olunmuşdur. Beynəlxalq icmalçılar, politoloqlar, tədqiqatçılar, dövlət orqanlarının əməkdaşları, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş elektron nəşr rəsmi mətbuat materialları əsasında mütəmadi olaraq yenilənir.


Odlar Yurdu Azərbaycan

Odlar Yurdu Azərbaycan

Ən qədim zamanlardan başlayaraq xalqımızın tarixinə, iqtisadiyyatına, mədəniyyətinə, görkəmli şəxsiyyətlərinə dair materiallar "ODLAR YURDU AZƏRBAYCAN" adlı Tammətnli elektron topluda yerləşdirilmişdir. Bu toplu kitabxananın fonduna daxil olan kitablar və dövri mətbuat materialları, həmçinin bəzi rəsmi saytlar əsasında hazırlanmışdır.
Ölkəşünaslıq və diyarşünaslıq mövzusunda hazırlanmış bu toplu geniş informasiya təminatının həyata keçirilməsinə imkan verir. Məqsəd ensiklopedik xarakterli sənədlərin elektron daşıyıcılara köçürülmə yolu ilə saxlanılması və onların daha çox istifadəçi kütləsinə təqdim edilməsindən ibarətdir.
Bu Tammətnli elektron toplunun əhəmiyyəti nəzərə alınaraq, xüsusi veb-sayt www.odlaryurdu.az yaradılmışdır.


XX əsrin faciəsi - Xocalı soyqırımı

XX əsrin faciəsi - Xocalı soyqırımı

1992-ci il fevral ayının 26-na keçən gecə erməni silahlı birləşmələrinin rus ordusunun 366-cı motoatıcı alayının köməyi ilə həyata keçirdikləri Xocalı soyqırımı XX əsrin ən dəhşətli və ən qanlı faciələrindəndir.
Prezident Kitabxanasında Azərbaycan, ingilis və rus dillərində hazırlanmış "XX əsrin faciəsi – Xocalı soyqırımı" adlı tammətnli elektron nəşrə daxil olan materiallar altı bölmədə qruplaşdırılmışdır. Bu bölmələrdə Dağlıq Qarabağ münaqişəsinin qısa tarixçəsi, Xocalı soyqırımının miqyası, istintaq materialları, zərərçəkənlərin ifadələri, tibbi ekspertiza rəyləri, Xocalı şəhidlərinin siyahısı və s. materiallar yerləşdirilmişdir.
Burada, həmçinin Xocalı soyqırımının tanıdılması istiqamətində dövlət səviyyəsində görülən işlər, qəbul edilən qərarlar, beynəlxalq təşkilatlara edilən müraciətlər, faciənin beynəlxalq hüquq normaları baxımından soyqırım kimi tövsif olunmasını özündə əks etdirən sənədlər toplanmışdır.


Azərbaycan. Dövlət rəmzləri və atributları

Azərbaycan. Dövlət rəmzləri və atributları

"Azərbaycan. Dövlət rəmzləri və atributları" Elektron nəşrində müstəqil Azərbaycanın dövlət rəmzlərinin (bayraq, gerb, himn) yaranmasının tarixçəsi sistem halında izlənilir və milli rəmzlərin bərpası istiqamətində atılan addımlar ardıcıllıqla sadalanır. Elektron nəşrdə (Azərbaycan, ingilis və rus dillərində) dövlət rəmzləri və atributları haqqında Azərbaycan Xalq Cümhuriyyəti dövründən indiyədək qəbul edilmiş qərarlar, qanunlar, fərmanlar və sərəncamlar toplanaraq xronoloji ardıcıllıqla əks etdirilmişdir.
Elektron nəşrdə, həmçinin Milli Azərbaycan Tarixi Muzeyində saxlanılan Azərbaycanın xanlıqlar dövrünün bayraqları, çar Rusiyası dövründə Azərbaycanda mövcud olmuş quberniyaların və şəhərlərin gerbləri, sovet hakimiyyəti illərində Azərbaycan SSR-in dövlət rəmzləri və atributları haqqında materiallar toplanmışdır.
Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması vətəndaşlarda Azərbaycan bayrağına, gerbinə və himninə hörmət hissinin formalaşmasına, onlarda vətənpərvərlik ruhunun möhkəmləndirilməsinə bilavasitə xidmət edir.


Naxçıvan Muxtar Respublikası

Naxçıvan Muxtar Respublikası

Prezident Kitabxanasında Naxçıvanın 90 illik yubileyi ilə əlaqədar "Naxçıvan Muxtar Respublikası" adlı internet resursu yenilənmişdir və ingilis dilində yeni versiyası hazırlanmışdır.
Zəngin materiallardan ibarət olan bu resurs internet istifadəçilərinə Muxtar Respublika haqqında dolğun və operativ məlumat vermək məqsədi daşıyır. Resursda qədim tarixə, zəngin mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik, çətin, mürəkkəb və eyni zamanda parlaq inkişaf yolu keçərək, Azərbaycanın elmi-mədəni mərkəzlərindən biri kimi şöhrət tapan Naxçıvan diyarının neçə-neçə görkəmli alim, sənətkar və tarixi şəxsiyyət yetirməsi haqqında məlumat da yer almışdır.
Burada Naxçıvanın qədim tarixi haqqında, Muxtar Respublikanın yaradılmasına gətirib çıxaran hadisələr barədə, eləcə də müasir dövrə dair çox maraqlı sənədlər vardır.


Təcavüz. 20 Yanvar. Bakı 1990

Təcavüz. 20 Yanvar. Bakı 1990

Prezident Kitabxanası tərəfindən hazırlanmış "Təcavüz. Bakı. 20 Yanvar 1990" adlı beş fəsildən ibarət olan Elektron resursda 20 Yanvar faciəsinin baş verməsinin səbəbləri, onun miqyası haqqında aparılmış tədqiqatlar, məqalə və kitablardan seçmə materiallar toplanmışdır.
Elektron resursda 1990-cı ilin yanvarında törədilən qanlı aksiya zamanı 147 nəfərin şəhid olduğu, 744 nəfərin yaralandığı, 841 nəfərin qanunsuz həbs edildiyi, bunun xalqımıza qarşı sovet hakimiyyəti illərində həyata keçirilən qətliamların sonuncu mərhələsi olduğu vurğulanır.
Elektron nəşrin Azərbaycan, ingilis və rus dillərində təqdim edilməsi xalqımızın başına gətirilən faciənin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.


Azərbaycan ekologiyası

Azərbaycan ekologiyası

Əhalinin ekoloji maarifləndirilməsi və ekoloji mədəniyyətin formalaşdırılması məqsədi ilə Prezident Kitabxanasının əməkdaşları tərəfindən "Azərbaycan ekologiyası" adlı beş fəsildən ibarət olan Sənəd-informasiya resursu hazırlanmışdır.
Resursda ölkəmizdə həyata keçirilən ekoloji siyasətin əsas istiqamətlərini təhlil edən və Azərbaycanda biomüxtəlifliyin qorunması vəziyyətini araşdıran bir sıra materiallar toplanmışdır. Eyni zamanda, burada ölkəmizin dövlət müstəqilliyini əldə etməsindən sonra ekologiya və ətraf mühitə dair qəbul edilmiş rəsmi sənədlər və Azərbaycan Respublikasının qoşulduğu bütün Beynəlxalq Konvensiyalar öz əksini tapmışdır.
Resurs üç dildə - Azərbaycan, ingilis və rus dillərində tərtib edilmişdir.


Müstəqil Azərbaycan

Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları 8 fəsildən ibarət “Müstəqil Azərbaycan” elektron resursun ilk 3 fəsli dövlətçilik tariximizi, dövlət müstəqilliyinin qorunması, möhkəmləndirilməsi və dünya birliyinə inteqrasiyası sahəsində görülən işləri, demokratik və hüququ dövlət quruculuğu, sosial-iqtisadi sahədə həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurları özündə əks etdirir. Elektron resursa dövlətçilik atributlarının bərpası və dövlət quruluşunun əsaslarına dair sənədlər toplanılmışdır. İstifadəçilərə, həmçinin Kitabxananın əməkdaşları tərəfindən hazırlanan müstəqilliyə qədərki dövrdə və müstəqillik illərində baş verən mühüm hadisələrin xronologiyası təqdim edilir.
“Elektron resurslar” fəsli dövlət quruculuğunun müxtəlif sahələrini özündə əks etdirən kitabların və məqalələrin elektron versiyalarını özündə əks etdirir. “Biblioqrafiya” fəslində istifadəçilərə kitabxananın fonduna daxil olan və müstəqil Azərbaycanın həyatının mühüm sahələrini əhatə edən kitabların, qəzet və jurnal məqalələrinin və avtoreferatların biblioqrafiyası təqdim edilir. “Fotoqalereya” bölməsi müstəqil Azərbaycanın keçdiyi tarixi yolun fotoxronikasını özündə əks etdirir.


İrəvan şəhəri

İrəvan şəhəri

İrəvanın tarixinə qədim dövrlərdən günümüzə qədər işıq salan "İrəvan şəhəri" elektron layihəsi şəhərin aborigen əhalisinin kimlərdən ibarət olduğunu, ermənilərin həmin əraziyə nə vaxt və haradan gəldiklərini, şəhərin azərbaycanlı əhalisinin dəfələrlə kütləvi qırğınlara və deportasiyalara məruz qoyulduğunu, azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələrinin erməni vandalları tərəfindən yer üzündən necə silindiyini mənbələr, salnaməçilərin verdikləri məlumatlar, arxiv sənədləri və ayrı-ayrı tədqiqat materialları əsasında üzə çıxarır.
"İrəvan şəhəri" əsərinin əsasında www.iravan.info veb-saytı hazırlanmışdır. Bu veb-saytda materiallar 31 bölmədə qruplaşdırılmışdır. Əsər tariximizi saxtalaşdırmağa çalışan ermənilərə qarşı tutarlı cavabdır.


Azərbaycan Xalq Cümhuriyyəti

Azərbaycan Xalq Cümhuriyyəti

"Virtual Azərbaycan tarixi" layihəsi çərçivəsində, Azərbaycan, rus və ingilis dillərində tərtib edilən bu resurs müsəlman Şərqində ilk dünyəvi və demokratik dövlət olan, dövlətçilik tariximizə parlaq səhifələr yazan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsini öyrənənlər üçün dəyərli bir mənbədir.
Elektron resurs “Yaranması və fəaliyyəti”, “Sənədlər”, “Resurslar”, “E-kitablar” adlı 4 əsas və 20 yarım bölmədən ibarətdir. Xalq Cümhuriyyətinin yaranması ərəfəsində və mövcud olduğu 23 aylıq dövrdə baş vermiş mühüm tarixi hadisələr bu elektron resursda müfəssəl şəkildə əks etdirilmişdir.
"Azərbaycan Xalq Cümhuriyyəti" elektron resursunun mütəmadi olaraq yenilənməsi nəzərdə tutulmuşdur.


Erməni Vandalizmi

ERMƏNİ VANDALİZMİ: Əsirlikdə olan Azərbaycan abidələri

Azərbaycan və ingilis dillərində hazırlanan “ERMƏNİ VANDALİZMİ: əsirlikdə olan Azərbaycan abidələri” elektron layihənin məqsədi erməni vandalları tərəfindən işğal edilmiş ərazilərimizdəki maddi və mədəni sərvətimizin - çoxsaylı tarixi abidələrin necə dağıdıldığı, məhv edildiyi, əksiyyətinin isə erməniləşdirildiyi barədə materialları, fotoşəkilləri internet vasitəsilə dünya ictimaiyyətinə çatdırmaqdır.
Elektron layihədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal altında qalan ərazilərimizdəki 800-dək abidənin 200-dən çoxunun işğaldan əvvəlki və işğaldan sonrakı durumunu əks etdirən fotoşəkillər, eləcə də həmin abidələrin xarakteristikası hazırlanmışdır. Bu abidələr ölkə əhəmiyyətli və yerli əhəmiyyətli kateqoriyalar üzrə - memarlıq abidələri, arxeoloji abidələr, tarix-memarlıq qoruqları, monumental və xatirə abidələri kimi təsnifləşdirilmişdir.


Erməni cinayətləri: Soyqırım. Deportasiya. Terror

Erməni cinayətləri: Soyqırım. Deportasiya. Terror

Uydurma erməni soyqırımının 100 illiyi ermənilər və onların havadarları tərəfindən qeyd edildiyi ərəfədə internet istifadəçilərinə təqdim edilmiş “Erməni cinayətləri: Soyqırım. Deportasiya. Terror” elektron nəşr arxiv sənədləri, dövri mətbuat materialları, ayrı-ayrı tədqiqatçıların məqalələri əsasında hazırlanmışdır. Elektron nəşrdə toplanmış materiallar tam dolğunluğu ilə sübut edir ki, əsl soyqırım 1905-1906-cı illərdə, Birinci Dünya müharibəsi zamanı və 1918-1920-ci illərdə Şərqi Anadoluda və Azərbaycan ərazilərində türk-müsəlman əhalisinə qarşı törədilmişdir.
Elektron nəşr yeddi fəsildən ibarətdir. Resursda müxtəlif dillərdə olan 200 kitabın və 300-ə yaxın məqalənin tam mətni, layihənin mövzusuna aid 400-dən artıq kitab və avtoreferatın, habelə qəzet və jurnal materiallarından seçilmiş 2200 məqalənin biblioqrafiyası toplanmışdır.
Azərbaycan və rus dillərində təqdim olunan bu elektron nəşrin ingilis dilində versiyası da hazırlanır.


Türk xalqlarının kitab abidələri. Elektron kitabxana

Türk xalqlarının kitab abidələri. Elektron kitabxana

Prezident Kitabxanasının əməkdaşları türkdilli dövlətlərin mədəni irsinin bir hissəsi olan kitab abidələrinin Kitabxananın fonduna daxil olan nümunələrinin elektron versiyalarını hazırlayaraq, bir qisminin isə elektron versiyalarını internet məkanından toplayaraq “Türk xalqlarının kitab abidələri” Elektron kitabxana adlı elektron resurs yaratmışlar. Bu layihənin həyata keçirilməsində başlıca məqsəd türk xalqlarının pərakəndə halda olan kitab abidələrini vahid portalda internet istifadəçilərinə təqdim etməkdən ibarətdir.


MEHRİBAN ƏLİYEVA. Azərbaycanın birinci xanımının fəaliyyəti mətbuat səhifələrində

MEHRİBAN ƏLİYEVA. Azərbaycanın birinci xanımının fəaliyyəti mətbuat səhifələrində

Bu tammətnli elektron nəşrdə Mehriban xanım Əliyevanın Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği, maddi və qeyri-maddi irsimizin qorunması sahəsində, xeyriyyəçilik və humanist addımların atılması istiqamətində çoxşaxəli fəaliyyəti haqqında materiallar toplanmışdır.
Elektron nəşrə 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri kimi işə başladığı dövrdən bu günə qədər Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinə dair Azərbaycan dilində AZƏRTAC-ın, Prezident Kitabxanasının abunə olunduğu 100-ə yaxın qəzet və jurnalın, digər kütləvi informasiya vasitələrinin seçilmiş materialları daxil edilib.
Tammətnli elektron nəşr 6 əsas bölmədən - “Azərbaycan Mədəniyyətinin Dostları Fondu”, “Azərbaycan Gimnastika Federasiyası”, “Azərbaycanın birinci xanımı”, “Heydər Əliyev Fondu”, “Xoşməramlı səfir”, “Millət vəkili” bölmələrindən ibarətdir.


Azərbaycan multikulturalizmi

Azərbaycan multikulturalizmi

Prezident Kitabxanasının əməkdaşlarının Azərbaycan, ingilis və rus dillərində hazırladıqları veb sayt və elektron kitabxana Azərbaycan multikulturalizminin mahiyyətini və onun bütün aspektlərini əhatə edir. İstifadəçilərə Azərbaycanda yaşayan bütün xalqları birləşdirən azərbaycançılıq ideologiyasının mahiyyəti, ölkəmizin etnik rəngarəngliyi, mədəni müxtəlifliyi, milli azlıqların təhsili, tolerantlıq ənənələri və s. barədə ətraflı məlumat verilir.
Azərbaycan multikulturalizminə dair kitabların elektron versiyaları “E-Kitabxana” bölməsində istifadəçilərə təqdim edilir. “E-Resurslar” bölməsində multikulturalizmə dair məqalələrin tam mətnləri və mütəmadi olaraq yenilənən məlumat bülleteni ilə tanış olmaq mümkündür. “Multimedia” bölməsində isə istifadəçilər milli azlıqların və azsaylı xalqların adət-ənənələrini, folklorunu özündə əks etdirən video və fotoqalereyalar vasitəsilə əyani məlumat əldə edə bilərlər.


Görkəmli dövlət və elm xadimi Əziz Əliyev (1897-1962)

Görkəmli dövlət və elm xadimi Əziz Əliyev (1897-1962)

Bu Elektron resursda Azərbaycanın dövlətçilik və elm tarixində özünəməxsus yeri olan Əziz Məmmədkərim oğlu Əliyevin həyat və fəaliyyəti geniş öz əksini tapmışdır.
Resursda materiallar 9 bölmədə qruplaşdırılıb. Azərbaycan və rus dillərində hazırlanan elektron nəşrin “Bioqrafiya” bölməsində Əziz Əliyev və onun ailə üzvləri barəsində qısa məlumat verilib. “Xronologiya” adlanan bölmədə isə ilk dəfə Əziz Əliyevin həm dövlət xadimi, həm də bir alim kimi istər Azərbaycanda, istərsə də Dağıstandakı həyat və fəaliyyətinin mühüm məqamları geniş işıqlandırılıb. “Əsərləri” adlanan bölmədə isə Əziz Əliyevin tibb sahəsində qələmə aldığı əsərlərin mətnləri ilk dəfə elektron formatda təqdim olunur.
“E-Kitablar” “E-Məqalələr” bölməsində isə Əziz Əliyevin həyat və fəaliyyətindən bəhs edən ayrı-ayrı müəlliflərin tədqiqat əsərlərin elektron versiyaları və məqalələr yerləşdirilib. “Multimedia” bölməsində foto və video qalereya təqdim olunub.