Azərbaycan Respublikası Prezidentinin Katibliyi tərəfindən nəşrə hazırlanmış 3 cildlik kitabda Prezidentin mətbuat xidməti, AzərTac, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə bərabər Prezident Kitabxanasında saxlanılan materiallardan da geniş istifadə olunmuşdur. 
Kitabda ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin qaçqınların və məcburi köçkünlərin rifahı naminə apardıqları nəhəng işlər barədə ətraflı məlumat verilmişdir. Kitabdakı materiallardan məlum olur ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 sentyabr tarixli Sərəncamına əsasən "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı"nın təsdiqi soydaşlarımızın güzəranının yaxşılaşdırılması işində yeni bir dövrün başlanğıcını qoydu. Bu proqram Prezident İlham Əliyev tərəfindən davam etdirilərək bu gün daha geniş miqyasda sistemli və ardıcıl şəkildə həyata keçirilməkdədir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin məqsədyönlü, yorulmaz fəaliyyəti, xüsusi diqqət və qayğısı sayəsində qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllində yüksək göstəricilərə nail olunmuşdur. Belə ki, 2004-2012-ci illərdə bütövlükdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 47 fərman və sərəncam imzalanmış, Milli Məclis 9 qanun, Nazirlər Kabineti isə 158 qərar və sərəncam qəbul etmişdir.