Martın 29-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsinin təqdimatı olub.
Tədbirdə kitabxananın direktoru Mayıl Əhmədov bildirilib ki, bu layihə Azərbaycan ilə Özbəkistan arasında ictimai-siyasi və mədəni əlaqələrin yüksək səviyyədə olmasının parlaq təzahürüdür.
Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin və onun nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihə çərçivəsində Azərbaycan ədəbiyyatının klassikləri, Azərbaycanın müasir şair və yazıçılarının əsərləri, eləcə də Azərbaycanın tarixi və ictimai-siyasi həyatından bəhs edən kitablar özbək dilinə tərcümə edilmişdir.
Tədbirdə digər çıxış edənlər də Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafından, xalqlarımız arasında mədəni əlaqələrin genişlənməsində belə layihələrin əhəmiyyətindən danışıblar.