Qars Mədəniyyət və Sənət Dərnəyinin bu yaxınlarda çap etdirdiyi “Eski ve yeni fotograflarla Kars” adlı kitabda müxtəlif vaxtlarda Qarsda, Sarıqamışda və Anidə olan Avropa və Rusiya səyyahlarının, rəssamların, tədqiqatçlırın çəkdikləri rəsmlər və fotolar toplanılmışdır. Kitabın özəlliyi ondadır ki, Qarsın, Sarıqamışın və Aninin hər hansı binasının, məhəlləsinin və yaxud tarixi-memarlıq abidəsinin keçmiş zamandakı rəsmi və yaxud fotosu onun müasir görkəmi ilə yanaşı verilmişdir. 
Qars Mədəniyyət və Sənət Dərnəyi ilə Prezident Kitabxanasının əməkşdaşlığı 2010-cu ildən qurulmuşdur. Dərnəyin həyata keçirdiyi müxtəlif layihələrdə Azərbaycan mədəniyyəti, incəsənəti və tarixi ilə bağlı qarşıya çıxan suallara cavab tapılmasında Prezident Kitabxanası heç vaxt informasiya dəstəyini əsirgəməmişdir. Dərnəklə əməkdaşlıq çərçivəsində, onun Azərbaycanın tarixinə, mədəniyyətinə və incəsənətinə dair göndərdiyi sorğular üzrə Prezident Kitabxanasında faktoqrafik arayışlar hazırlanır. 
Kitabın müəllifləri Vedat Akçayöz, Yıldırım Öztürkan yazdıqları ön sözdə Qars vilayətinin Rusiya işğalı dövrünə aid materialların toplanmasında göstərdikləri köməkliyə görə Prezident Kitabxanasının əməkdaşlarına minnətdarlıqlarını ifadə etmişlər.