Avqustun 20-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Mayıl Əhmədov qeyd etmişdir ki, İrəvan xanlığının tarixi Azərbaycan xalqının min illər boyu yaratdığı maddi və mənəvi mədəniyyət tarixinin ayrılmaz tərkib hissəsidir.
Kitabxananın direktoru bildirmişdir ki, hazırda Almaniyada yaşayan Əmir Əli Sərdari İrəvani İrəvan xanı Hüseynəli xanın nəslinin nümayəndəsidir. İrəvanın bir şəhər kimi çiçəklənməsi məhz Hüseynəli xan və onun övladlarının hakimiyyəti dövrlərinə təsadüf edir. Bu gün İrəvanda yaşı 250 ildən artıq olan yeganə tarixi-memarlıq abidəsi Göy məscid kompleksidir. Həmin kompleks məhz Hüseynəli xanın dövründə 1760-1765-ci illərdə inşa edilmişdir.
Əmir Əli çıxış edərək İrəvan şəhərini qurub yaradanların Azərbaycan türkləri olduqlarını qeyd etmiş, Hüseynəli xan nəslinin şəcərəsi haqqında, onların məskunlaşdıqları yerlər haqqında geniş məlumat vermiş, nəsillər arasında əlaqələrin vacibliyini vurğulamışdır.
Tədbirdə AMEA Tarix İnstitutu direktorunun müavini Cəbi Bəhramov, tarixçi alimlər Firdovsiyə Əhmədova, Elçin Qarayev, filoloq Cəlal Allahverdiyev, tədqiqatçı Telman Qasımov çıxış edərək İrəvan şəhərinin tarixi keçmiş haqqında ətraflı məlumat vermişlər. Tədbirdə İrəvanın köklü nəsillərinin nümayəndələrinin təmsilçilərinin fəaliyyətlərinin əlaqələndirilməsinin vacibliyi vurğulanmışdır.