1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyinə qovuşarkən özünü Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi elan etdi və qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi. Az müddət sonra Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dövlət rəmzləri bərpa edildi. Xalqın iradəsi ilə müstəqilliyini elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb şəraitdə fəaliyyət göstərməyə başladı. Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi, hakimiyyət uğrunda daxili çəkişmələr, iqtisadiyyatın çökməsi ölkəni xeyli zəiflətmişdi. Azərbaycan Xalq Cəbhəsi-Müsavat iqtidarı yarıtmaz fəaliyyəti ilə ölkəni parçalanmaq həddinə çatdırmışdı.
Xalq bütün ümidini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, dünyada nüfuzlu və təcrübəli bir siyasətçi kimi tanınan Heydər Əliyevə bağlamışdı. Heydər Əliyevin müstəqil, tarazlı və cəsarətli siyasət yeritməsi bütün Azərbaycan xalqının diqqətini cəlb edir, ona ümidləri artırırdı.
Fəaliyyətinin ilk dövründə xalqın azadlıq mübarizəsində iştirak edən Xalq Cəbhəsi Heydər Əliyev tərəfindən dəstəklənirdi. Lakin hakimiyyətə gələndən sonra Xalq Cəbhəsi böyük şəxsiyyətin xalq içərisindəki nüfuzundan qorxaraq, ona qarşı mübarizəyə başladı.
Ermənistanın hərbi təcavüzü, eyni zamanda, Azərbaycanda yaranmış vətəndaş müharibəsi təhlükəsi, hərc-mərclik, iqtisadi böhran, dövlət institutlarının iflic olması ölkəni faktiki “olum, ya ölüm” seçimi qarşısında qoymuşdu. Xalq xilas yolunu Heydər Əliyevin ölkəyə rəhbərliyində görürdü. Müxalifət-iqtidar qarşıdurması siyasiləşmiş orduya və cəbhədəki vəziyyətə mənfi təsir edirdi.
Gəncədə 1993-cü il iyun qiyamı vəziyyəti daha da ağırlaşdırdı. Burada hökumətə tabe olmayan bir qrup zabit “hərbi birlik” yaratmışdı. 709 saylı hərbi hissə Müdafiə Nazirliyinə tabe olmurdu. İqtidar isə hərbi müxalifətin öhdəsindən gələ bilmirdi.
Parçalanma prosesi başlanmışdı. Bu vaxt ölkənin cənub rayonlarında xaricdən dəstəklənən separatçılar hakimiyyəti ələ almağa, “respublika” yaratmağa çalışırdılar. “Ləzgistan dövləti” qurmaq xülyasında olan separatçı “Sadval” təşkilatının silahlı quldurları şimal-şərq bölgəsində təxribatlar törədirdi.
İyunun 4-də səhər hərbi qiyamı yatırmaq üçün hökumət Gəncəyə 3 minədək canlı qüvvə, güclü hərbi texnika yeritdi. İki qardaş üz-üzə dayandı. 709 saylı hərbi hissənin kazarmaları dağıdıldı, hərbi təyyarələr havaya qalxıb hava limanını darmadağın etdi. Lakin qiyamçılar daha fəal hərəkət etdilər, onlar qan tökmək istəməyən qvardiyaçıları şəhərdən çıxarmaq adı altında avtobusa doldurub güllələdilər. Qırğında 35 nəfər həlak oldu, 135 nəfər yaralandı. 1200 döyüşçü, habelə respublika baş prokuroru girov götürüldü. Hökumət qüvvələri məğlub edildi. Qiyamçı hərbi hissələr Bakıya doğru yeriməyə, prezidentin və hökumətin istefaya getməsini tələb etməyə başladılar və müqavimətə rast gəlmədən paytaxta yaxınlaşdılar. İyunun 14-də Navahı yaxınlığında ordular üz-üzə dayandı. Danışıqlar nəticəsində qiyamçıları Lökbatan yaxınlığında və Şamaxı yolunun 75 kilometrliyində saxlamaq mümkün oldu. Yaranmış vəziyyətlə əlaqədar parlamentin sədri, baş nazir, üç güc nazirliyinin rəhbərləri istefaya getməyə məcbur oldular.
Ölkə ziyalıları, sadə insanlar böyük fəlakətin yaxınlaşdığını hiss edirdilər. Respublikanın müstəqilliyini əlindən almaq istəyən nüfuzlu imperiyapərəst qüvvələr, onların yerli əlaltıları iqtidarın fərasətsizliyindən məharətlə istifadə edir, ölkəni parçalamağa, vətəndaş müharibəsi törətməyə çalışırdılar. Bununla yanaşı xalqın sağlam qüvvələrinə arxalanan Qurtuluş hərəkatı meydana gəlir və sürətlə genişlənirdi. Bu hərəkat zamanın böyük siyasətçisi Heydər Əliyevin ətrafında toplaşırdı. Xalqın nümayəndələri, nüfuzlu ziyalılar dəfələrlə Naxçıvana gedib,Heydər Əliyevdən yenidən böyük siyasətə qayıtmasını xahiş edirdilər. 1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı “Səs” qəzeti vasitəsilə Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi. Yeni Azərbaycan uğrunda siyasi hərəkat genişlənirdi. Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası təsis edildi. Yeni Azərbaycan Partiyasının 21 noyabr 1992-ci il tarixli bəyanatında qeyd olunurdu ki, bu partiyanın başlıca proqram məqsədi dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyü, sivilizasiyalı demokratik hüquqi dövlət, əmin-amanlıq və ictimai həmrəylik, sabit və sosialyönümlü iqtisadiyyat yaratmaqdan, geniş demokratik islahatlar uğrunda mübarizə aparmaqdan ibarətdir.
AXC-Müsavat iqtidarı uzun müddət bu məsləhətlərə məhəl qoymayıb öz yarıtmaz fəaliyyəti ilə ölkəni parçalanmaq həddinə çatdırdı. Vətəndaş müharibəsi üçün zəmin yarandı. Başlanmış bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən iqtidar son anda kömək üçün Heydər Əliyevə müraciət etdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı.
Heydər Əliyev Azərbaycanda vətəndaş müharibəsini dayandırmaq üçün siyasi manevrlər etdi. Gəncədə danışıqlar aparmaqla hərbi müxalifəti neytrallaşdırdı.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.
Öz siyasi bacarıqsızlığı ilə ölkəni vətəndaş müharibəsi, ictimai-siyasi pərakəndəlik vəziyyətinə gətirib çıxarmış AXC-Müsavat komandası Heydər Əliyevə bu mürəkkəb problemləri aradan qaldırmaqda köməkçi olmaqdansa, müxalifətə keçdi.
İyunun 17-dən 18-ə keçən gecə Prezident Əbülfəz Elçibəy Bakını gizlicə tərk edib Naxçıvan MR-ə, doğulduğu Kələki kəndinə getdi. Ona dəfələrlə geri qayıdıb ölkəyə rəhbərlik etmək təklif olunsa da, hər dəfə, faktiki olaraq rədd cavabı alındı. Milli Məclis iyunun 23-də prezident səlahiyyətlərini Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi.
Ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi, döyüş qabiliyyətli nizami ordunun yaradılması, dövlət institutlarının yenidən formalaşdırılması və onların səmərəli fəaliyyətinin təmin edilməsi, iqtisadiyyatın bərpası və köklü idarəçilik islahatlarının həyata keçirilməsi, ölkənin yaxın onilliklər üçün inkişafını təmin edəcək strateji neft müqavilələrinin bağlanması və nəticə olaraq millətin bir amal – azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsini özündə ehtiva edirdi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində kompleks yanaşma, mühüm daxili və xarici siyasət amillərinin nəzərə alınması tələb olunurdu.
Avqustun 7-də cənub bölgəsində üzdəniraq “Talış Muğan Respublikası” yaradıldığı elan olundu. “Hökumət” təşkil edildi. Rusiya, İran və Belarus dövlətlərinə, BMT-yə müraciət edib bu qondarma qurumu tanımağı xahiş etdilər. Heydər Əliyev xalqın dəstəyinə arxalanaraq, problemin dinc vasitəiərlə həllinə üstünlük verdi. Avqustun 13-də o, həmin bölgədən olan xalq deputatları, ziyalılar, ağsaqqallarla görüşdü. Onlar separatçılara qarşı qəti tədbirlər görülməsini tələb etdilər.
Avqustun 17-də Milli Məclis Lənkəran hadisələrinə siyasi qiymət verdi, onu Azərbaycanın müstəqilliyinə qarşı olan qüvvələrin siyasi oyunu kimi ifşa etdi. Avqustun 21-23-də güc strukturlarının həyata keçirdikləri tədbirlər sayəsində üzdəniraq “Talış Muğan Respublikası”ləğv edildi.
Xalq öz rəhbəri Heydər Əliyevin ətrafında daha sıx birləşməyə başladı. Milli Məclisin qərarı ilə 1993-cü il avqustun 29-da Prezident Əbülfəz Elçibəyə etimad haqqında referendum keçirildi. Referendumda iştirak edənlərin 97,5 faizi prezidentə etimadsızlıq göstərdilər.
1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı Heydər Əliyevi alternativ əsasda səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu seçkilər bütün Azərbaycan xalqının Heydər Əliyevə böyük ümidlər bəslədiyini, inandığını bir daha nümayiş etdirdi. Heydər Əliyev prezident kimi Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumaq, demokratiyanı inkişaf etdirmək, ölkənin bazar iqtisadiyyatı yolu ilə tərəqqisinə şərait yaratmaq, erməni təcavüzkarlarına qarşı xalqın ədalətli müharibəsini sülh vasitələri ilə başa çatdırmaq, respublikanın ərazi bütövlüyünü bərpa etmək üçün yorulmaq bilmədən çalışdı.
Azərbaycan dövlətçiliyinin bərpa və inkişaf etdirilməsinə, ictimai- siyasi sabitliyin, ərazi bütövlüyünün təmin olunması kimi mürəkkəb işə dövlət intizamının, qanunçuluğun, hüquq-mühafizə orqanlarının, ordunun möhkəmləndirilməsindən başlandı.
1994-cü il mayın 12-də atəşkəsə dair razılıq əldə olundu. Bu vaxta qədər – yəni 1991-1993-cü illərdə ölkədə baş alıb gedən anarxiya şəraitindən, hakimiyyət uğrunda gedən çəkişmələrdən istifadə edən Ermənistan ordusu Azərbaycan Respublikasının 20 faiz ərazisi – Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndini işğal etmişdi.
Məhz Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində nizami ordu formalaşdırıldı, Ermənistanın hərbi təcavüzü dayandırıldı, Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı.Ümummilli liderin hakimiyyətdə olduğu 1993-2003-cü illər Azərbaycan tarixinə dövlətçiliyin möhkəmləndirilməsi və dərin islahatlar dövrü kimi daxil olmuşdur.
2003-cü ildən ümummilli lider Heydər Əliyevin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Məhz bu mərhələdə enerji resurslarının ixracından əldə olunan gəlirlərin xüsusi bir qismi iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdirilməsi və müasirləşdirilməsinə yönəldildi. Ardıcıl şəkildə qəbul olunmuş və həyata keçirilmiş çoxsaylı dövlət proqramları, reallaşdırılmış xüsusi layihələr, güclü iqtisadi potensialın formalaşdırılması, insan kapitalının səfərbər edilməsi və səmərəli istifadəsi, ölkənin bütün sahələr üzrə müasir infrastrukturlarının yaradılması əhalinin rifahının yüksəldilməsini təmin etdi. Bu gün Azərbaycan dünyada müstəqil siyasət yürüdən nüfuzlu dövlət, etibarlı tərəfdaş kimi tanınır və qəbul olunur.
Müstəqil Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi yazılan həmin gün xalq tərəfindən hər il təntənə ilə qeyd edilir və Heydər Əliyevin xilaskarlıq missiyası ehtiramla xatırlanır.