2014-cü il aprelin 24-də Prezident Kitabxanasında Naxçıvan Muxtar Respublikasının yaranmasının 90 illiyi ilə əlaqədar “Naxçıvan Muxtar Respublikası” adlı elektron layihənin yenilənmiş variantının və onun yeni yaradılmış ingilis versiyasının təqdimatı olmuşdur.
Tədbir iştirakçıları əvvəlcə Kitabxananın əməkdaşlarının hazırladıqları Naxçıvanın tarixinə, mədəniyyətinə, iqtisadiyyatına aid kitabların CD-ləri, Naxçıvan tarixinin müxtəlif məqamlarını özündə əks etdirən arxiv sənədlərinin surətləri, Naxçıvana aid dissertasiyaların, avtoreferatların və kitabların sərgisi ilə tanış olmuşlar.
Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov layihənin bütün bölmələrini qonaqlara təqdim etmişdir. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli təqdim olunan layihənin əhəmiyyəti haqqında fikirlərini söyləmişdir. Müzakirələrdə Milli Məclisin deputatlarından Gövhər Baxşəliyeva, Səyavuş Novruzov, Aydın Mirzəzadə, Rəfael Hüseynov, Qüdrət Həsənquliyev, Musa Qasımlı, Hadı Rəcəbli, tanınmış alimlərdən Vəli Hüseynov, Nailə Vəlixanlı, Vəli Əliyev çıxış etmişlər.
Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov muxtar respublikanın rəhbərliyi adından elektron layihənin yaradıcılarına təşəkkür etmişdir.