24-30 avqustda Yunanıstanın paytaxtı Afina şəhərində Kitabxana Birlikləri və Assosiasiyalarının Beynəlxalq Federasiyasının (İFLA) 85-ci Baş konfransı keçirilmişdir. İFLA hazırda dünyanın 1600 kitabxana və milli kitabxana təşkilatlarını özündə birləşdirir. Bu ilki konfransda 140 ölkədən 3636 nümayəndə iştirak edirdi. Konfransın proqramı çərçivəsində kitabxana işinin ən müxtəlif aspektlərinə dair 278 iclas keçirilmişdir. Konfransın mövzusu “Kitabxanalar: dəyişiklik naminə dialoq” idi.
İFLA-nın daimi üzvü olan Prezident Kitabxanasını bu iclasda direktor Mayıl Əhmədov və elmi katib Kəmalə Sarıcalinskaya təmsil etmişdir. Onlar konfransın açılış və bağlanış mərasimlərində, sərgilərin açılışında, kitabxana və muzeylərə ekskursiyalarda, ikitərəfli və çoxtərəfli görüşlərdə, müzakirələrdə iştirak etmişdilər. Nümayəndə heyəti Yunanıstan Milli Kitabxanasına ayrıca ekskursiyada olmuş, kitabxananın yeni binası, burada tətbiq edilən yeni xidmət formaları ilə ətraflı tanış olmuş, dünyanın ən zəngin kitabxanalarından biri olan bu kitabxanaya Azərbaycanla bağlı kitablar hədiyyə etmişlər.