İyunun 23-ü ölkəmizdə dövlət qulluqçularının peşə bayramıdır. Bu bayram ilk dəfə BMT Baş Assambleyasının qətnaməsinə əsasən, 2003-cü ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü kimi qeyd edilmişdir. Həmin qətnamədə BMT-nin üzvü olan dövlətlərə tövsiyə olunmuşdur ki, dövlət qulluğunun dövlətlərin inkişafında əhəmiyyətini daha yaxşı işıqlandırmaq və təbliğ etmək məqsədilə xüsusi gün təsis etsinlər. Azərbaycan Respublikası BMT-nin tövsiyəsinə uyğun müvafiq tədbirlər görən ilk üzv dövlətlərdən oldu. Ölkədə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda dövlət qulluğunun mühüm rol oynadığını nəzərə alaraq dövlət qulluğunda yaxşı xidməti mənəvi cəhətdən stimullaşdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dövlət qulluqçularının peşə bayramı gününün təsis edilməsi haqqında” 2006-cı il 25 may tarixli Sərəncam imzaladı və həmin il ilk dəfə ölkəmizdə dövlət qulluqçularının peşə bayramı dövlət səviyyəsində qeyd edildi.

Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılmasında və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. 1995-ci ildə qəbul olunmuş Konstitusiya ölkəmizdə dövlət quruluşu və idarəçilik prinsiplərini təsbit edir. Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilmiş “Dövlət qulluğu haqqında” Qanundur. Bu Qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuş, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilmişdir. “Dövlət qulluğu” və “dövlət qulluqçusu” anlayışları da bu qanunla gündəmə daxil oldu.

Məhz Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə “Dövlət qulluqçularının icbari sığortası haqqında”, “Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında”, “Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında” qanunlar qəbul edilmiş, fərmanlar verilmişdir. Bütün bunlar bir daha təsdiqləyir ki, Heydər Əliyev Azərbaycanın müasir dövlət qulluğu sisteminin banisidir.

2003-cü ildə İlham Əliyev dövlət başçısı seçildikdən sonra da dövlət qulluğunun idarə olunmasının təkmilləşdirilməsi istiqamətində  işlər uğurla davam etdirildi. Bu məqsədlə Prezident İlham Əliyevin 2005-ci il 19 yanvar tarixli Fərmanı əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılmışdır. Komissiyanın əsas məqsədi dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının ixtisas hazırlığının artırılması, qanunvericilikdə nəzərdə tutulan siyasətin həyata keçirilməsini təmin etməkdən ibarət olmuşdur. 

Prezidentin imzaladığı çoxsaylı fərman və sərəncamlarda dövlət qulluqçularının əməyinin maddi və mənəvi cəhətlərdən stimullaşdırılması sahəsində mühüm tədbirlər həyata keçirilir. Dövlət qulluqçularının əməyini layiqincə qiymətləndirmək məqsədilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təsis edilmişdir və hər il dövlət qulluqçularının peşə bayramı münasibətilə onlarla dövlət qulluqçusu bu medalla təltif olunur. Dövlət qulluğunda fərqlənməyə görə onlar respublikanın digər orden və medalları ilə, “Əməkdar dövlət qulluqçusu” fəxri adı ilə mükafatlandırılırlar.

Dövlət qulluğuna rəhbərlik, qulluğun fəaliyyətinin koordinasiya məsələləri də daim təkmilləşdirilir. Son zamanlar bu istiqamətdə atılan yeni addımlar sırasında Birinci vitse-prezident institutunun təsis edilməsi və bu yüksək vəzifəyə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təyin olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN” xidmət sisteminin, Tələbə Qəbulu üzrə Dövlət Komitəsi və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın bazasında Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs təsisatının yaradılması institusional dəyişikliklərin və beləliklə də zamanın çağırışlarına cavab olaraq dövlət qulluğu sisteminin idarə olunması sahəsində islahatların davam etməsi və yeni keyfiyyət mərhələsinə yüksəlməsindən xəbər verir.

Ölkəmizdə dövlət qulluqçularının peşəkarlığını artırmaq məsələləri daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası dövlət qulluqçularının hazırlanmasında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçularının peşə səviyyəsinin yüksəldilməsində, bu məqsədlə açılan ixtisasartırma kurslarında təhsilin təşkil edilməsində, dövlət qulluğu məsələlərinə dair elmi-tədqiqat işlərinin aparılmasında, dövlət qulluğunun nəzəri və praktiki məsələlərinin öyrənilib müvafiq təkliflər verilməsində rolu böyükdür. Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən qısamüddətli kurslarda hər il yüzlərlə dövlət qulluqçusu idarəetmənin müasir tələblərini, bu sahədə olan yenilikləri həvəslə öyrənir, çalışdıqları idarə və müəssisələrin işində tətbiq edirlər.

Dövlət qulluğu sahəsində qanunveriçilik aktları ildən-ilə təkmilləşdirilir, dünya təcrübəsini nəzərə alan sənədlər qəbul edilərək geniş hüquqi baza yaradılır. Müasir dövrə uyğunlaşdırılan sənədlər Azərbaycanda dövlət qulluğunun əsas istiqamətlərini əhatə edərək, dövlət qulluqçularının fəaliyyəti üçün lazımi hüquqi zəmin, müvafiq icra və nəzarət mexanizmi formalaşdırıb. Bütün bunlar cəmiyyətdə sosial ədaləti və vətəndaşların layiqli həyat tərzini təmin etmək, demokratik təsisatları daha da  inkişaf etdirmək, elmin, mədəniyyətin və digər sahələrin səviyyəsini beynəlxalq standartlara uyğunlaşdırmaq üçün dövlət qulluqçuları qarşısında geniş imkanlar açıb.

Ölkədə həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında da mühüm rol oynayır.