10-12 iyun 2014-cü il tarixində Prezident Kitabxanasının bir qrup əməkdaşı Berlin şəhər kitabxanalarında təcrübə mübadiləsi aparmaq məqsədilə keçirilən görüşlərdə iştirak etmişdir
Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin dəstəyi ilə reallaşan bu görüşlər Almaniyanın Bundestaq Kitabxanasında, Berlin şəhər Kitabxanasında (Berlin Senatının Kitabxanası) və Humboldt Universitetinin kitabxanasında təşkil olunmuşdur.
Kitabxanalarda keçirilən görüşlər zamanı müasir dövrdə kitabxana-informasiya xidmətinin özəllikləri, kitab fondunun mühafizəsi, yeni texniki avadanlıqların tətbiqi nəticəsində xidmət səviyyəsinin yaxşılaşması, milli-mədəni dəyərlərin kitabxanalar vasitəsilə təbliği sahəsində görülən işlər müzakirə edilmiş, hər bir kitabxananın öz profilinə müvafiq olaraq gördüyü işlərin xüsusiyyətləri barədə səmərəli təcrübə mübadiləsi aparılmışdır. Kitabxanaların əsas struktur bölmələrinə, oxu zallarına ekskursiyalar təşkil olunmuş, görülən işlərə əyani baxış keçirilmişdir. Bu kitabxanaların əməkdaşlarının təcrübə mübadiləsinin Bakıda Prezident Kitabxanasında da keçirilməsi nəzərdə tutulmuşdur.
Görüşlər zamanı Prezident Kitabxanasının hədiyyə fondundan bu kitabxanaların hər birinə Heydər Əliyev Fondunun Azərbaycan tarixinə, mədəniyyətinə, incəsənətinə dair alman dilində nəşr etdirdiyi kitablar, həmçinin professor Vidadi Muradovun alman dilində "Azərbaycan xalçaları. Qarabağ qrupu" kataloqu, Avropa-Azərbaycan Cəmiyyətinin Qarabağ hadisələri və Xocalı faciəsinə aid nəşrləri hədiyyə verilmişdir.
Prezident Kitabxanasını bu görüşlərdə direktor Mayıl Əhmədov, elmi katib Kamalə Sarıcalinskaya və şöbə müdiri Həliməxanım Rzaquliyeva təmsil etmişlər.