Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının digər ölkələrin aparıcı kitabxanaları ilə əlaqələri mütəmadi olaraq genişlənir. Müxtəlif ölkələrdə keçirilən beynəlxalq konfranslar qarşılıqlı əlaqələrin genişlənməsinə vəsilə olur.
AzərTAc xəbər verir ki, Avropa Milli Kitabxanaları Konfransının Bakıda keçirilən XXVII illik iclasının iştirakçısı, Boris Yeltsin adına Rusiya Federasiyası Prezident Kitabxanasının baş direktoru Aleksandr Verşinin sentyabrın 26-da Prezident Kitabxanasında olmuşdur.
Kitabxananın fondları, yaradılan elektron resursları və iş prinsipi ilə tanış olan qonaq rəhbərlik etdiyi kitabxana haqqında həmkarlarına ətraflı məlumat vermişdir. Aleksandr Verşinin bildirmişdir ki, əsası 2007-ci ildə Sankt-Peterburq şəhərində qoyulan Boris Yeltsin adına Prezident Kitabxanası Federal büdcədən maliyyələşdirilir. Bu bilik mənbəyi Rusiyada milli kitabxana statusuna malik olan üç kitabxanadan biridir.
Qonaq bildirmişdir ki, elektron kitabxana kimi fəaliyyət göstərən Boris Yeltsin adına Prezident Kitabxanasında Rusiyanın tarixi keçmişi, dövlətçilik ənənələri, görkəmli dövlət xadimləri ilə bağlı çoxsaylı elektron nəşrlər hazırlanmışdır. Aleksandr Verşinin daha sonra bildirmişdir ki, direktoru olduğu kitabxananın fondlarının əsasını nadir tarixi sənədlər və kitablar, əvvəllər istifadəsinə məhdudiyyət qoyulan arxiv sənədləri, çar Rusiyası dövrünün fərmanları, audio və videoxronikalar və s. təşkil edir.
Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov həmkarına son 10 il ərzində görülən işlər, yaradılan elektron resurslar haqqında ətraflı məlumat vermiş, təcrübə mübadiləsinin kitabxanaların fəaliyyətinin daha da yaxşılaşdırılması işində mühüm amil olduğunu vurğulamışdır.
Görüşün sonunda qonağa xatirə hədiyyəsi təqdim edilmişdir.