Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının dünyanın nüfuzlu kitabxanaları ilə əlaqələri genişlənir. Azərbaycanın tarixinə, coğrafiyasına, ədəbiyyatına, mədəniyyətinə, iqtisadiyyatına aid 53 adda seçmə kitablar Prezident Kitabxanası tərəfindən ABŞ Konqres Kitabxanasına hədiyyə edilib. 5 mart 2020-ci ildə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun iştirakı ilə həmin kitabların Konqresin Tomas Cefferson adına Kitabxanasında təqdimetmə mərasimi keçirilib. 
Tədbir Konqres Kitabxanasının möhtəşəm Şimal-Şərq Pavilyonunda baş tutub. Tədbirdə kitabxananın Yaxın Şərq Bölməsinin rəhbəri Coan Viks çıxış edərək, hədiyyə edilən kitabların Konqres Kitabxanasının Yaxın Şərq bölməsindəki Azərbaycana aid olan kolleksiyasında mövcud boşluqları doldurulmasına töhfə verəcəyini söyləyib.
Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Konqres Kitabxanasının rəsmilərinə öz təşəkkürünü bildirib və tədbirin təşkilində göstərdikləri dəstək üçün Coan Viksə və həmin kitabxanada çalışan həmyerlimiz Müjgan Nəzərovaya xüsusi minnətdarlığını ifadə edib. E.Süleymanov ABŞ Konqres Kitabxanasında Azərbaycan dilində çox sayda kitabın mövcud olduğunu söyləyib. Səfir Azərbaycanın türk dünyasının aparıcı və tərkib hissəsi olduğunu diqqətə çatdırıb. O, Azərbaycanda savadlılıq dərəcəsinin 100 faizə yaxın olduğunu və ölkəmizdə hər zaman kitabxana işinə böyük hörmətlə yanaşıldığını vurğulayıb.  
Tədbirin sonunda, Coan Viks kitabların hədiyyə edilməsinə görə minnətdarlığını bildirib və səfir Elin Süleymanova kitabxana adından rəsmi təşəkkür məktubunu və ümumi mübadilə tərəfdaşlığı barədə sazişin surətini təqdim edib.
Prezident Kitabxanasında dünyanın digər nüfuzlu kitabxanalarının fondlarının Azərbaycanla bağlı mühüm əhəmiyyət kəsb edən kitablarla zənginləşdirilməsi istiqamətində sistemli işlər davam etdirilir.