6 aprel 2015-ci ildə Azərbaycanda səfərdə olan Mərakeş Milli Kitabxanasının direktoru Driss Khrouz Prezident Kitabxanası ilə tanış olmuşdur. Kitabxananın kollektivi ilə görüşdə Driss Khrouz Mərakeş Milli Kitabxanası barədə ətraflı məlumat vermiş, Milli Kitabxanada fondun rəqəmsal formata keçirilməsi və informasiya texnologiyalarının tətbiqindən danışmışdır.
Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov qonağa kitabxanada görülən işlər barədə məlumat vermiş, kitabxanalararası əlaqələrin əhəmiyyəti, əməkdaşlığın formaları barədə təkliflərini bildirmişdir.
Qonağa Mərakeş Milli Kitabxanasının fondunda saxlamaq üçün Azərbaycanın tarixinə və mədəniyyətinə dair ingilis və fransız dillərində kitablar və suvenirlər hədiyyə verilmişdir.
Görüşdə Mərakeş Krallığının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Həsən Hami iştirak etmişdir.