Faşist Almaniyası üzərində qələbədən 75 il ötməsinə baxmayaraq onun vurduğu dəhşətli ziyanın miqyası ölçüyə gəlməzdir. İkinci Dünya müharibəsində Sovet İttifaqına daxil olan respublikalardan ən çox ziyan çəkən respublikalardan biri də Azərbaycan olmuşdur.
Azərbaycan Almaniyanın işğalçılıq planında xüsusi yer tuturdu. Onun sərvətləri, strateji və geosiyasi mövqeyi faşistlərin diqqətini cəlb edirdi. Almaniya Bakı neftindən istifadə etməklə bütün Şərqi istila edəcəyinə böyük ümidlər bəsləyirdi. Hələ 1941-ci ilin martında Almaniyanın “Kontinental neft cəmiyyəti”nə Bakı zəbt edildikdən sonra burada neftin hasilatı, emalı və daşınması tapşırılmışdı. Azərbaycandakı iri sənaye müəssisələrinə alman rəhbərlər təyin edilmişdi. Hitler Bakı alındıqdan sonra onu hərbi obyektə çevirmək haqqında tapşırıq vermişdi. Bakının və Abşeronun sənaye və hərbi əhəmiyyətli müəssisələrinin xəritələri də hazırlanmışdı. Faşistlərin Qafqaza “Edelveys” adlanan hücum planına görə, Bakı sentyabrın 25-də işğal edilməli idi.
Azərbaycan xalqı müharibənin ilk günündən SSRİ-nin başqa xalqları ilə birlikdə faşist işğalçılarına qarşı mübarizəyə qalxdı. 40 mindən çox könüllü cəbhəyə getdi. Yüzlərlə qırıcı batalyonlar, özünümüdafiə və hərbi-hava hücumundan müdafiə dəstələri yaradıldı.
Müharibə illərində Azərbaycandan Sovet ordusu sıralarına təqribən 640 min nəfər, o cümlədən 10 mindən çox qadın səfərbər edildi. Azərbaycanda 1941-ci ilin avqustunda 402-ci, oktyabrında 223-cü, 1942-ci ilin mart-sentyabr aylarında 416-cı, avqust-sentyabrda isə 271-ci milli atıcı diviziyalar təşkil edildi. Krımın müdafiəsində şəxsi heyətinin çoxunu itirmiş 77-ci Azərbaycan diviziyası 1942-ci ilin mayında yenidən komplektləşdirildi.
1941-ci il iyunun 28-dən etibarən respublikanın iqtisadiyyatı müharibənin tələblərinə uyğun quruldu: fəhlə və qulluqçular üçün iş günü 11 saata qaldırıldı, məzuniyyətlər ləğv edildi, ərzaq və sənaye məhsullarının satışı üzrə kartoçka sistemi tətbiq olundu. İşi özbaşına tərk edənlər üçün 5-8 il həbs cəzası müəyyən edildi.
Faşizmə qarşı mübarizədə Azərbaycan xalqı bütün qüvvələrini səfərbər edərək möhkəm arxa cəbhə yaratdı. Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsalına keçdi. Orduya səfərbər olunanların yerini qadınlar və yeniyetmələr tutdu. Qısa müddətdə 40 mindən çox ixtisaslı fəhlə hazırlandı. Neftçilər fədakarlıqla çalışaraq cəbhəni, xalq təsərrüfatını yanacaqla təmin edirdilər. Müharibə dövründə ölkəyə 75 milyon ton neft verildi. Ordunun yanacağa olan tələbatının 70%-ni Bakı neftçiləri ödəyirdi.
Bakıda 130 növ silah və hərbi sursat hazırlanır, o cümlədən məşhur “Katyuşa” raketi, “YAK-3” qırıcı təyyarəsi yığılırdı. Bakı avtomobil zavodunun əsası qoyuldu.
Azərbaycanın kolxoz və sovxozlarında cəbhə üçün mühüm əhəmiyyət kəsb edən texniki bitkilər becərilirdi. Kənd əməkçiləri müharibə illərində ölkəyə yüz min tonlarla məhsul verdilər.
Azərbaycan xalqı 1941-43-cü illərdə müdafiə fonduna 15 kq qızıl, 952 kq gümüş, 311 mln. manatlıq istiqraz verdi. Cəbhədə vuruşan əsgərlər üçün 1,6 mln. ədəd müxtəlif əşya, 125 vaqon isti paltar göndərildi.
1943-cü ilin payızında işğaldan azad edilmiş rayonlarda təsərrüfatın bərpası üçün Azərbaycanda Respublika Yardım Komitəsi və onun rayon komissiyaları yaradıldı. Şimali Qafqaz neftçilərinə, Leninqrad, Stalinqrad, Stavropol, Ukrayna təsərrüfatlarına xeyli pul, ərzaq, tikinti materialları, sənaye avadanlığı və s. göndərildi.
SSRİ Ali Baş Komandanlığı 1942-ci il sentyabrın 9-da Cənubi Qafqaz respublikalarında, o cümlədən Azərbaycanda hərbi vəziyyət elan etdi. Bakı müdafiə rayonu yaradıldı. Şəhər ətrafında istehkamlar quruldu. Tankların keçə bilməməsi üçün 16841 maneə yaradıldı, 97 km uzunluqda dərin xəndəklər qazıldı. Arxanı atəş nöqtələri ilə birləşdirən 535 km uzunluqda gizli yol çəkildi. 1 mln. 800 min m3 torpaq işi görüldü. Düşmən 1942-ci ildə 71, 1943-cü ildə isə 3 dəfə Bakı səmasına soxulmağa cəhd göstərdi, lakin cəsur təyyarəçilər və zenitçilər buna imkan vermədilər, faşistlərin 96 təyyarəsini məhv etdilər.
Mozdoku tutduqdan sonra güclü müqavimətlə üzləşən düşmən Bakıya deyil, Nalçik-Orconikidze istiqamətində hərəkətə başladı. 402, 416 və 223-cü Azərbaycan diviziyaları Mozdok rayonunda döyüşür, 77-ci diviziya isə müdafiə əməliyyatlarında iştirak edirdi.
1942-ci ilin oktyabrından sovet ordusunun Şimali Qafqaz uğrunda döyüşlərində Azərbaycan diviziyalarının əsgərləri böyük rəşadət göstərdilər. 77-ci diviziya Kerç. Rostov, Stavropol və s. yaşayış məntəqələrinin azad edilməsində iştirak etdi. 402-ci diviziya Mozdok ətrafında 10 yaşayış məntəqəsini düşməndən təmizlədi. 416-cı diviziya Şimali Qafqaz və Azov dənizi sahillərindəki bir sıra yaşayış məntəqələrinin azad edilməsində böyük rol oynadı. Tuapse uğrunda gedən döyüşlərdə Qafur Məmmədov düşmənin 13 əsgərini məhv edərək, komandirini öz həyatı bahasına ölümdən xilas etdi. Ölümündən sonra ona Sovet İttifaqı Qəhrəmanı adı verildi. Qafqazda alman ordularının darmadağın edilməsi Azərbaycanı faşist istilası təhlükəsindən xilas etdi.
Azərbaycanlı döyüşçülər Stalinqrad döyüşlərində də şücaətlə vuruşmuşdular. Alman ordusu 1943-cü ilin fevralında Stalinqrad ətrafında tamamilə darmadağın edildi. Bu qələbə müharibənin qazanılmasında azərbaycanlı döyüşçülər böyük qəhrəmanlıq göstərmişdilər. 
416-cı diviziya Taqanroq şəhərinin azad edilməsində göstərdiyi rəşadətə görə “Taqanroq diviziyası" fəxri adına layiq görüldü.
Hərbi əməliyyatlarda qəhrəmanlığına görə 271-ci diviziyaya “Qorlovka diviziyası", 77-ci diviziyaya isə “Simferopol diviziyası” adı verildi. 416-cı və 77-ci diviziyalar 2-ci dərəcəli Suvorov ordeni ilə təltif edildilər.
1944-cü il iyunun 23-30-da general-mayor Həzi Aslanovun 35-ci qvardiya tank briqadası Berezna çayını keçib Pleşşenitsı şəhərini və 508 yaşayış məntəqəsini azad etdi. Həzi Aslanov ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif olunmağa təqdim edildi, lakin bu ad ona ölümündən sonra 1991-ci ildə verildi. Həzi Aslanov iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş yeganə azərbaycanlıdır.
Milli Azərbaycan diviziyaları SSRİ ərazisi faşist işğalçılarından təmizləndikdən sonra Şərqi Avropanın azad edilməsi əməliyyatlarında da iştirak etdilər. 223-cü diviziya Yuqoslaviyanın azad edilməsində fəal iştirak etdiyinə görə fəxri “Belqrad diviziyası” adını aldı. O, həm də Vyananın faşistlərdən təmizlənməsində böyük rəşadət göstərdi və “Qırmızı Bayraq” ordeni ilə təltif edildi.
271-ci diviziya Polşa və Çexoslovakiyanın azad edilməsində yaxından iştirak etdi. Bu döyüşlərdə 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldülər.
416-cı Azərbaycan diviziyası 1945-ci ilin fevralında düşmənin müqavimətini qırıb. Oder çayı sahilinə çıxdı və Berlin üzərinə yeridi. Azərbaycan döyüşçüləri mayın 2-də Berlinin Brandenburq darvazası üzərinə qələbə bayrağını sancdı.
Azərbaycanlılar partizan və antifaşist hərəkatlarında da fəal iştirak etmişdilər. Döyüşlərdə əsir düşmüş və faşist həbs düşərgələrinə salınmış azərbaycanlıların çoxu əsarətdən qurtarmaq üçün mübarizəni davam etdirir, həbs düşərgələrindən qaçıb partizanlara qoşulurdu. Ukraynada isə 400 azərbaycanlı partizan dəstəsi təşkil etmiş, başqa partizan dəstələri ilə birləşərək Ukrayna, Çexoslovakiya və Macarıstanda faşizmə qarşı fəal mübarizə aparmışdılar.
1942-ci ilin yazında Polşada faşist hərbi əsir düşərgəsində azərbaycanlı əsirlər gizli təşkilat yaratmışdılarTəşkilatın köməyilə bir qrup əsir ölüm düşərgəsindən qaçaraq partizan hərəkatına qoşulmuşdu.
1942-ci ildə Fransadakı faşist həbs düşərgələrindən qaçıb partizanlara qoşulan Əhmədiyyə Cəbrayılov “Armed Mişel” adı ilə Fransanın müqavimət hərəkatında fəal iştirak etmiş, bu ölkənin ən yüksək mükafatı - Fəxri legion ordeni ilə təltif edilmişdi.
Stalinqrad döyüşləri vaxtı ağır yaralanaraq əsir düşən Mehdi Hüseynzadə sonradan Yuqoslaviya partizanlarına qoşulmuşdu. Faşistlərə qarşı mübarizədə əfsanəvi qəhrəmanlıqlar göstərmiş, 700 hərbi əsiri azad etmişdi. O, “Mixaylo” ləqəbi ilə Yuqoslaviya Xalq Azadlıq Ordusunun kəşfiyyatçı-təxribat qrupuna rəhbərlik edərək 1000 nəfərdən çox alman zabitini məhv etmişdi. Mehdi Hüseynzadə 1944-cü ildə faşistlərlə döyüşdə xeyli düşmən qırmış və ələ keçməmək üçün son gülləsini özünə vurmuşdur. 1957-ci ildə ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
İtaliyadakı partizan hərəkatında iştirak etmiş Əli Babayev Qaribaldi adına batalyonun komandiri olmuş, igidliklər göstərmiş, bu ölkənin “Hərbi şücaətinə görə” medalı ilə təltif olunmuşdu.
İtaliya faşist rejiminin başçısı B. Mussolinini həbs edən partizan dəstəsinin tərkibində azərbaycanlılar da var idi.
Dünyanın antifaşist qüvvələrinin səyi nəticəsində böyük qələbə əldə olundu, mayın 8-də Almaniya qeyd-şərtsiz təslim aktını imzaladı. 9 May 1945-ci il tarixə Qələbə günü kimi daxil oldu.
Lakin İkinci Dünya müharibəsi davam edirdi. SSRİ avqustun 9-da təcavüzkar Yaponiyaya qarşı müharibəyə qoşuldu. Sentyabrın 2-də Yaponiyanın təslim olması ilə müharibə qurtardı.
SSRİ müharibədən qalib çıxdı. Bu qələbənin əldə edilməsində Azərbaycan xalqının böyük rolu oldu. Sovet ordusunun texnikasını Bakı nefti hərəkətə gətirirdi. Onlarla azərbaycanlı sərkərdə - Həzi Aslanov, Akim Abbasov, Mehdi Mahmudov, Yaqub Quliyev, Həbibulla Hüseynov, Aslan Vəzirov və başqaları ölkəni faşizm bəlasından qurtarmaq üçün böyük hərbi təşkilatçılıq qabiliyyəti və əsgəri rəşadət göstərdilər. Xalqın mərd oğullarından 47 nəfəri, Azərbaycandan cəbhəyə gedən başqa millətlərin nümayəndələrindən isə 74 nəfəri döyüşlərdəki rəşadətinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. 30 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə, 176 min nəfər isə müxtəlif orden və medallarla təltif edildi.
Müharibə illərində Azərbaycanın elm və mədəniyyət xadimlərinin bütün qüvvələri səfərbər edilmişdi. Yeni strateji xammal yataqları kəşf edilir, neft emalında müasir texnologiyalar tətbiq olunurdu. Azərbaycanda aviasiya üçün yüksəkoktanlı benzin istehsalının yeni texnologiyası işlənib hazırlandı.
Respublikada 70 hərbi hospital fəaliyyət göstərirdi.
Azərbaycan ədəbiyyatında müharibə mövzusu aparıcı yer tutdu. Müharibə dövründə döyüşçü və partizanların şücaətlərini təsvir edən onlarla oçerk, hekayə, povest, pyes və s. yazıldı.
Azərbaycan bəstəkarları müharibə dövründə onlarla yeni marş, simfoniya, mahnı, opera və s. yaratdılar. Cəbhəyə xidmət üçün konsert briqadaları yaradıldı. Azərbaycan artistləri hərbi hissələrdə 35 min konsert vermişdilər.
Müharibə illərində Azərbaycan sənədli kinosunun bir qrup rejissoru və operatoru cəbhə xəttinə gedərək əsgərlərin qəhrəmanlığından bəhs edən xüsusi filmlər çəkirdilər.
Hərbi vətənpərvərlik tərbiyəsində təsviri sənət ustaları da fəal iştirak edirdilər. Azərbaycan rəssamlarının əsərləri 1943-cü ildə Moskvada Tretyakov qalereyasında nümayiş etdirilmişdi.
İkinci Dünya müharibəsində qələbənin təmin edilməsində müstəsna xidməti olan Bakıya “Qəhrəman şəhər” adının verilməsi məsələsi dəfələrlə qaldırılıb.
1941–1945-ci döyüş əməliyyatlarında iştirak etmiş, faşist işğalçılarına qarşı gizli mübarizə aparmış, arxa cəbhələrdə çalışmış, həmin dövrdə SSRİ Silahlı Qüvvələrində xidmət etmiş şəxslərin “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti 1 may 2020-ci il tarixində sərəncam imzalamışdır.
Azərbaycan xalqı və dövləti faşizm üzərində qələbənin təmin edilməsində qəhrəmanlıq göstərən oğul və qızlarının xatirəsini hörmətlə yad edir.