Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 145 il ötür.

Ölkəmizdə anadilli ilk mətbu orqanın əsası Həsən bəy Zərdabi tərəfindən 22 iyul 1875-ci ildə qoyulub və "Əkinçi" qəzetinin nəşrə başladığı tarix Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.

1875-1877-ci illər ərzində fəaliyyət göstərən qəzetin 56 nömrəsi işıq üzü görüb və "Əkinçi"nin nəşri bütün Qafqazda əks-səda doğurub. Qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb, mütərəqqi ideyaları ilə Çar Rusiyasının hakim dairələrini narahat edib və iki il sonra fəaliyyəti dayandırılıb.

“Əkinçi” özündən sonra böyük bir məktəb formalaşdırdı. Mətbuatımızın ilk qaranquşunun ənənələrini davam etdirən xeyli sayda qəzetlər fəaliyyət göstərsə də, onlar da zaman-zaman müəyyən tənqidlərə, təhqirlərə məruz qaldılar. Söz, fikir azadlığı hər addımda boğulur, jurnalistlər fiziki və mənəvi təzyiqlərə məruz qalırdılar. XIX əsrin axırlarında başlayan mətbuat ənənələri çətin mərhələdən keçdi.

Azərbaycan mətbuatının ilk müjdəçisi "Əkinçi"dən sonra bu sahədə xeyli irəliləyişlər müşahidə edilib. XIX əsrin sonlarında "Ziya" (1879), "Kəşkül" (1880), "Kaspi" (80-90-cı illər) qəzetləri nəşrə başlayıb. XX əsrin əvvəllərində isə C.Məmmədquluzadə, M.Şahtaxtinski, S.Hüseyn, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyli və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparıblar. Bu gərgin mübarizə nəticəsində "Şərqi-rus" (1903), "Həyat" (1905), "Molla Nəsrəddin" (1906), "Açıq söz" (1915), "Azərbaycan" (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxıb.

Heç təsadüfi deyil ki, o zamankı naşirlər və qəzetçilər peşə baxımından jurnalist deyildilər, lakin mətbuat onlar üçün xalqın, millətin şüuruna çatdırmaq istədikləri mütərəqqi ideyaların yayılmasına və keyfiyyətcə yeni bir cəmiyyətin yaranmasına nail olmaq üçün istifadə etdikləri ən münasib və güclü vasitə idi. Ona görə də XIX əsr ziyalılarımızın, demək olar ki, hamısının həyatı mətbuatla sıx bağlı olmuşdu. Məhz bu qeyrətli insanların fədakarlığı və əzmkarlığı sayəsində Azərbaycan milli şüuru yeni dövrün başlanğıcında özünün intibah mərhələsinə yüksəlmiş və tarixdə ilk türk cümhuriyyətini – azad insan və demokratik cəmiyyət nümunəsini yarada bilmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) dönəmində milli mətbuatın ixtisaslaşmış orqanları geniş fəaliyyət göstərirdi: “İstiqlal”, “Gənclər yurdu”, “Əfkari-mütəllimin”, “Mədəniyyət”, “Övraqi-nəfisə”, “Şeypur”, “Zənbur” və s. Bu milli mətbuat orqanları milli dirçəliş ocaqları idi. Ədəbi-mədəni mühiti yaradan, yönəldən, milliləşdirən, milli ruhlu yeni nəsil yetişdirən, istiqlala dayaq olan, cəmiyyəti müasirləşdirən, demokratikləşdirən mətbuat bayraqdarları idilər. Bu sahədə həmin dövrün öndə gedən ziyalıları M.Ə.Rəsulzadə, Əlimərdan bəy Topçubaşov. Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə mütləqiyyət caynağından qopan ilkin fürsətdə mətbuatımızın “ağır artilleriyası” oldular.

Həmin illərdə Azərbaycan milli mətbuatı ilk dəfə idi ki, dövlət səviyyəsinə qaldırılırdı. Azərbaycan dövlət mətbuatının yaradılmasına imza atıldı. Azərbaycan hökumətinin orqanı da “Azərbaycan” adını daşıdı. Qəzetin ilk nömrəsi çox əlamətdar günə təsadüf etmişdi. Bakının Azərbaycan Cümhuriyyəti hakimiyyəti altına keçdiyi gün, Bakının qurtuluş gününə həsr olunmuş təbrik teleqramları ilə rövnəqlənən ilk nömrədən başlayaraq “Azərbaycan” qəzeti 1920-ci il aprelin 28-nə, yəni Cümhuriyyətin süqutuna qədər 443 nömrədə işıq üzü görmüşdür.

Daha sonra – sovetlər dönəmində mətbuata qoyulan sərt senzura və qadağalar tətbiq olundu. Lakin Azərbaycan ötən əsrin sonlarında ikinci dəfə öz istiqlalına qovuşanda, təbii ki, söz, fikir və media azadlığı üçün real üfüqlər açıldı. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş ölkə Konstitusiyasının 47-ci maddəsində hər kəsin fikir və söz azadlığı, 50-ci maddəsində məlumat azadlığı təsbit olundu. Hər kəs istədiyi fikri ifadə etmək azadlığı ilə bərabər, məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq hüququ qazandı. “Jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir” deyən Ümummilli lider Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəmədi. 

Ümummilli lider Heydər Əliyev mətbuatın problemlərinin həlli ilə bağlı 10-dan çox sərəncam və fərman imzaladı. 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun qəbul edildi. Məhz Heydər Əliyevin təşəbbüsü nəticəsində 1998-ci il 6 avqust tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olundu. Həmçinin mətbuat və söz azadlığı, KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı da məhz Ümummilli lider Heydər Əliyev imzalayıb.

2001-ci il dekabrın 18-də ölkənin əsas kütləvi informasiya vasitələri və jurnalist təşkilatlarının rəhbərləri ilə görüşən Ulu Öndər mətbuatın problemlərini müzakirə etdikdən sonra bəzi məsələlər operativ həllini tapdı. Qəzet kağızının əlavə dəyər vergisindən azad edilməsi, qəzet redaksiyalarının “Azərbaycan” nəşriyyatına yığılıb qalmış kifayət qədər böyük borclarının silinməsi və sair bu kimi başqa vacib addımlar ölkəmizdə azad mətbuatın formalaşmasına münbit şərait yaratdı. 

Təqdirəlayiq haldır ki, Azərbaycan dövləti beynəlxalq birliyin üzvü olaraq, söz və düşüncə azadlıqlarını nəzərdə tutan bütün mühüm sənədləri imzalayıb və onların icra olunmasını təmin edir. Belə ki, ölkəmiz Ümumdünya İnsan Hüquqları üzrə Bəyannaməni və “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasını və başqa vacib hüquqi-normativ sənədləri təsdiq edib. Azərbaycanda 1998-ci ilin iyunun 19-da “Mətbuat azadlığı haqqında”, 2005-ci il yanvarın 1-də isə “İnformasiya azadlığı haqqında” Qanunlar qəbul edilib. Bu tarixi sənədlər dövlət orqanlarını, o cümlədən özəl, fiziki və hüquqi şəxsləri “informasiya sahibi” hesab edir və onların üzərinə konkret vəzifələr qoyur. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə söz azadlığının daha da güclənməsi, medianın azad, sərbəst fəaliyyət göstərməsi üçün davamlı işlər görülür.

2003-cü il martın 15-də Azərbaycan Mətbuat Şurası ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb və o vaxtdan uğurla fəaliyyət göstərir. Şuranın məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarət etmək, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqə və etimadı möhkəmləndirmək, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaratmaqdır.

Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında KİV-in inkişafına dövlət dəstəyi Konsepsiyasının” təsdiq edilməsi, bir il sonra, 3 aprel 2009-cu il tarixində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlar idi.

Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-ə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir. Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib istifadəyə verilmişdir. Dövlət başçısı 2017-ci ildə mətbuat işçiləri üçün sayca üçüncü yaşayış binasının tikintisi ilə bağlı sərəncam imzalayıb.

Elə bu il iyunun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, hazırda Azərbaycan Respublikasında milli mətbuat ənənələrinin qorunması və təbliğ edilməsi məqsədilə, kütləvi informasiya vasitələrinin ölkəmizin ictimai-siyasi həyatındakı yerini və müasir cəmiyyət quruculuğu prosesində rolunu nəzərə alaraq Azərbaycan Milli mətbuatının 145 illik yubileyi ölkəmizdə geniş qeyd olunsun. Bu bir daha dövlət başçısının Milli mətbuata verdiyi yüksək qiymətin və qayğının təcəssümüdür.

Göründüyü kimi, ildən-ilə inkişaf edən Azərbaycan mətbuatına dövlət tərəfindən yüksək qayğı göstərilir və bu sahəyə diqqət daimidir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dəfə “Jurnalistlərin dostu” elan edilmişdir.

Müasir dövrdə informasiya amili mühüm önəm kəsb edir və dünyada bu faktor daha da güclənməkdədir. Milli mətbuatımız milli və ümumbəşəri dəyərlərin təbliğində, xalqımızın tarixi keçmişinin öyrənilməsində, vətənpərvərlik hisslərinin cəmiyyətə aşılanmasında, ölkəmizin müstəqillik illərində bütün sahələrdə əldə etdiyi uğurlu nəticələrin cəmiyyətə çatdırılmasında yaxından iştirak edir. Mətbuat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimayyətinə çatdırılmasında, düşmənə qarşı aparılan informasiya müharibəsində çox mühüm rol oynayır.

Mətbuat demokratik prinsiplərin formalaşmasında ən başlıca vasitədir. Ona görə də, hansı cəmiyyət özünü demokratik görmək, bu dəyərlərə yiyələnmək istəyirsə, mətbuatın inkişafına diqqət yetirməlidir. Hazırda respublikamızda yuxarıda rəqəmlərlə göstərildiyi kimi çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet media inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Ölkədə söz və mətbuat azadlığına, KİV-ə ən yüksək səviyyədə diqqət və qayğı var.

Bu gün biz haqlı olaraq azad mediaya sahib olmağımızla fəxr edirik.