Dövlət mükafatı laureatı,  Prezident Kitabxanasının şöbə müdiri, AMEA Tarix İnstitutunun elmi işçisi, “İrəvan xanlığı” monoqrafiyasının müəlliflərindən olan Nazim Mustafanın “İrevan şehri. Türk-islam varlığı nasıl yok edildi” adlı yeni kitabı çapdan çıxıb.
Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşəbbüsü və dəstəyi ilə “Berikan Yayınevi” (Ankara) nəşriyyatında çap olunub.
Kitaba AMEA-nın müxbir üzvü, A. A. Bakıxanov adına Tarix İnstitutunun direktoru professor Yaqub Mahmudov ön söz yazıb.
Nəşrdə Azərbaycanın qədim siyasi və mədəniyyət mərkəzlərindən biri kimi İrəvan şəhərinin tarixi keçmişi, onun etnik tərkibi, memarlıq abidələri və onların aqibəti, sənətkarlıq nümunələri, İrəvan teatrı, ədəbi mühiti, mətbuatı, elm, mədəniyyət və dövlət xadimləri haqqında ətraflı məlumat verilir. Həmçinin XX əsrin əvvəllərindən etibarən azərbaycanlılara qarşı ermənilər tərəfindən həyata keçirilən kütləvi qırğınlar, soyqırımı və etnik təmizləmə siyasəti haqqında sənədlərin dili ilə söhbət açılır.