Dekabrın 7-də Prezident Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşlarının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr etdikləri “Heydər Əliyev” ikicildlik tədqiqatlar toplusunun və “Heydər Əliyev. Azərbaycan elminin keşiyində. Sənədlər və materiallar” ikicildliyinin təqdimat mərasimi keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söz açmışdır. Mayıl Əhmədov vurğulamışdır ki, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşlarının yazdıqları bu kitabların ulu öndər Heydər Əliyevin vəfatının onuncu ildönümü ərəfəsində nəşr olunması olduqca təqdirəlayiqdir. M.Əhmədov həmçinin bildirmişdir ki, son illər institutun nəşr etdirdiyi bir çox kitabların təqdimat mərasimləri məhz Prezident Kitabxanasında keçirilmişdir
Layihənin rəhbəri Yaqub Mahmudov AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi şurasının qərarı ilə nəşr edilmiş ikicildliklərin yazılma səbəblərindən, Ulu Öndərin irsinin gənc nəsillərə çatdırılmasında rəhbərlik etdiyi institutun həyata keçirdiyi layihələrdən söz açmışdır.
Tədbirdə Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Milli Məclisin deputatı, Azərbaycan Müəllimlər İnstitutunun rektoru, professor Aqiyə Naxçıvanlı və Milli Məclisin deputatı Jalə Əliyeva çıxış edərək Azərbaycan xalqının və torpağının yorulmaz təəssübkeşi olan qüdrətli şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətlərindən söz açmış və təqdimatı keçirilən kitabların dahi şəxsiyyətin irsinin daha geniş şəkildə öyrənilməsinə öz töhfəsini verəcəyini söyləmişlər.