Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafa (Nazim Mustafayev) 12-13 mart 2018 tarixində Ərzurum Texnik Universiteti və Türk tarix Qurumunun dəvəti ilə Ərzurumda keçirilən Osmanlı hakimiyyətinin 500-cü və onun rus-erməni işğalından qurtuluşunun 100-cü ildönümünə həsr edilmiş Beynəlxalq simpoziumda iştirak etmişdir. Simpoziuma 4 ölkədən 70-ə yaxın elm adamları qatılmışdır. Nazim Mustafa simpoziumda “1918-1920-ci illərdə Ermənistanın xüsusi xidmət orqanlarının Türkiyə və Azərbaycan əleyhinə fəaliyyətləri” mövzusunda məruzə etmişdir. Simpozium başa çatdıqdan sonra Nazim Mustafa “Anadolu” informasiya agentliyinə verdiyi müsahibəsində 1918-ci ildə Qafqaz İslam ordusunun xilaskarlıq missiyasından söhbət açmış, Türkiyə ilə Azərbaycan arasında “Bir millət, iki dövlət” prinsipinin hələ 100 il bundan öncə əməli işlərdə özünü doğrultduğunu vurğulamışdır.