Uydurma erməni soyqırımının 100 illiyi ermənilər və onların havadarları tərəfindən qeyd edildiyi ərəfədə Prezident Kitabxanasının əməkdaşları yeni elektron nəşr hazırlamışdır.
“Erməni cinayətləri: Soyqırım. Deportasiya. Terror” elektron nəşri arxiv sənədləri, dövri mətbuat materialları, ayrı-ayrı tədqiqatçıların məqalələri əsasında tam dolğunluğu ilə sübut edir ki, əsl soyqırım 1905-1906-cı illərdə, Birinci Dünya müharibəsi zamanı və 1918-1920-ci illərdə Şərqi Anadoluda və Azərbaycan ərazilərində türk-müsəlman əhalisinə qarşı törədilmişdir. 1991-1994-cü illərdə dünyanın gözü qarşısında Ermənistan ordusu tərəfindən Azərbaycanın 20 faiz ərazisi işğal edilmiş və həmin ərazidə xalqımıza qarşı soyqırım törədilmişdir. Son 30-40 il ərzində ermənilərin törətdikləri terror aktları nəticəsində minlərlə günahsız insan tələf olmuş və yaralanmışdır. Bu elektron nəşr özlərini dünyaya sivil və soyqırıma məruz qoyulan millət kimi təqdim edən ermənilərin əsl simasını üzə çıxarır.