İncəsənət ədəbiyyatı zalı. İncəsənətin bütün sahələri üzrə 50 000 nüsxədən artıq ədəbiyyat, eləcə də klavir, not və patefon valları toplanmış bu geniş və rahat zal respublikamızda incəsənətin bütün sahələrini əhatə edən ən zəngin kitab fondlarından biridir. Burada həmçinin rəssamlıq, musiqi və teatr tarixinə aid nadir kitablar da saxlanılır.


Böyük oxu zalı. 56 oxucu yeri olan Böyük oxu zalının interyeri qədim Şərq memarlığı üslubunda yenidən bərpa olunmuşdur. Kitabxana proseslərinin avtomatlaşdırılması sisteminə uyğun olaraq, elektron vasitələrlə tam təchiz edilmiş zalda oxuculara müasir tələblərə cavab verən xidmət göstərilir.


Konfrans zalı. Prezident, dövlət idarəçiliyi və ölkəşünaslığa dair ədəbiyyatın biblioqrafiyası şöbəsi nəzdində fəaliyyət göstərən 100 yerlik Konfrans zalı müxtəlif tədbirlər - kitab təqdimatları, mətbuat konfransları, sərgilər, ədəbi-bədii görüşlər, oxucu konfransları keçirilməsi üçün nəzərdə tutulmuşdur.


Elektron resurslar zalı. Kitabxanada 14 oxucu yeri olan ən müasir elektron-informasiya avadanlıqları ilə təchiz edilmiş Elektron resurslar zalı fəaliyyət göstərir. Oxucular bu zalda kitabxanada yaradılmış bütün elektron resurslardan istifadə edə bilərlər. Zalda oxuculara hərtərəfli məlumat-biblioqrafiya xidməti ilə yanaşı, həm də müxtəlif texniki xidmətlər (surətçıxarma, skaner, laminasiya və s.) də göstərilir.


Nadir ədəbiyyat zalı (fondu). Fondda XVI-XIX əsrlərdə və XX əsrin əvvəllərində nəşr olunmuş rus, ingilis, alman, fransız, polyak, italyan, eston, isveç və s. dillərdə olan zəngin ədəbiyyat nümunələri toplanmışdır. Fondda həmçinin qotik şriftlə çap olunmuş qədim alman kitabları toplusu, “Kral Musiqi Akademiyasının təqdimatında Böyük Opera toplusu” (1703, 1734, 1739, fransız dilində), “Rusiya İmperiyasının adlı-sanlı tacirlər təbəqəsi” - 4 dildə (Həqiqi mülki müşavir H.Z.Tağıyevə təqdim olunmuş fəxri nüsxə), Baron de Bayın “Tatarlara: Dərbənddən Yelizavetpola” (fransız dilində), “Mirzə Şəfinin nəğmələri” - toplayanı F.Bodenştedt (1865, Berlin, alman dilində), “İki türk komediyası: M.F.Axundov. Sərgüzəşti-vəziri-xani-Lənkəran, Mürafiə vəkillərinin hekayəti” - tərtib edən Alfons Salyer (1888, Paris, fransız dilində) və s. nadir kitab nüsxələri də saxlanılır.