BP şirkəti Prezident Kitabxanasına müxtəlif dillərdə nəşr edilmiş 9 adda, ümumilikdə 10 nüsxə dəyərli kitab hədiyyə edib. Təqdim olunan nəşrlər Azərbaycan klassik ədəbiyyatı, musiqi irsi və təsviri-tətbiqi sənət nümunələrini əks etdirən yüksək səviyyəli elmi-bədii əsərlərdən ibarətdir. Bu nəşrlər tədqiqatçılar, milli mədəniyyətə maraq göstərən geniş oxucu auditoriyası üçün zəngin məlumat və istinad mənbəyi təqdim edir, eyni zamanda milli mədəni irsin qorunmasına və gələcək nəsillərə ötürülməsinə töhfə verir.
Hədiyyə olunan kitablar Prezident Kitabxanasının fondunu daha da zənginləşdirir və klassik poeziya və nəsr nümunələri, musiqi irsinə dair sanballı materiallar, eləcə də rəngkarlıq, heykəltaraşlıq, qrafika, tətbiqi və dekorativ sənət sahələrinə aid əsərləri əhatə edir. Müxtəlif dillərdə nəşr edilmiş bu əsərlər milli mədəni irsin həm yerli, həm də beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir.
Kitabların təqdim olunmasında BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin təşəbbüsü və dəstəyi mühüm rol oynayıb. Bu addım mədəniyyət ocaqlarının resurs bazasının zənginləşdirilməsinə və elmi-mədəni mübadilə imkanlarının genişlənməsinə əhəmiyyətli töhfə verir.
Prezident Kitabxanasının rəhbərliyi göstərilən diqqətə görə BP şirkətinə, o cümlədən Bəxtiyar Aslanbəyliyə minnətdarlığını bildirir və bu təşəbbüsü milli ədəbiyyat və mədəni irsin qorunması, elmi resursların zənginləşdirilməsi və mədəni əməkdaşlığın inkişafı baxımından mühüm addım kimi qiymətləndirir.