Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Prezident Kitabxanasına 14 nüsxə qaqauz dilində kitab hədiyyə edib. Oğuz mənşəli türk xalqı olan Qaqauzlar dili, mədəni yaddaşı, adət-ənənələri və folklor irsi ilə zəngindir və bu zəngin irsi əks etdirən nəşrlər tədqiqatçılar və region xalqlarının mədəniyyətinə maraq göstərən oxucular üçün də dəyərli mənbədir. Kitabların elmi məzmunu dilçilik, etnoqrafiya və tarix sahələrində aparılan tədqiqatların daha səmərəli aparılmasına yardımçı olur.
Bu nəşrlərin fonda daxil edilməsi Prezident Kitabxanasının çoxdilli resurs bazasını zənginləşdirir və mədəni müxtəlifliyin cəmiyyətdə daha yaxşı anlaşılmasına dəstək olur. Qaqauz dilində materialların əlçatanlığı azsaylı dillərin yaşadılması, onların elmi dövriyyədə qorunması və multikultural irsin qorunması üçün xüsusi əhəmiyyət daşıyır.
Xarici İşlər Nazirliyinin bu təşəbbüsü Prezident Kitabxanası ilə qurulan faydalı əməkdaşlığın ardıcıl şəkildə inkişafını nümayiş etdirir və mədəni-humanitar əlaqələrin möhkəmlənməsinə töhfə verir. Təqdim olunan nəşrlər müxtəlif xalqların tarixi və mədəni irsinin daha dərindən öyrənilməsinə şərait yaradır.
Prezident Kitabxanası rəhbərliyi göstərilən diqqətə və dəyərli hədiyyəyə görə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə minnətdarlığını bildirir və vurğulayır ki, bu cür təşəbbüslər kitabxananın çoxdilli resurs bazasının zənginləşdirilməsi və region xalqlarının mədəni irsinin qorunması istiqamətində aparılan işlərin davamlılığı üçün mühüm əhəmiyyət kəsb edir.