Xəbərlər

Prezident Kitabxanasında professor Mahirə Hüseynovanın “Missiya” adlı kitabının təqdimatı keçirilib

Prezident Kitabxanasında professor Mahirə Hüseynovanın “Missiya” adlı kitabının təqdimatı keçirilib

Prezident Kitabxanasında professor Mahirə Hüseynovanın “Missiya” adlı kitabının təqdimatı keçirilib

2025-ci il dekabrın 8-də Prezident Kitabxanasında görkəmli filoloq, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “Missiya” adlı monoqrafiyasının təqdimatı keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükut ilə yad olunması ilə başlanıb.

Tədbiri giriş sözü ilə Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova açıb. O, çıxışında kitabın Azərbaycan elmi və mədəni mühitindəki əhəmiyyətini vurğulayıb, müəllifin zəngin elmi fəaliyyətini və Azərbaycan dilinin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib.

Monoqrafiyada ədəbiyyat və dilçilik prizmasından yanaşılaraq Heydər Əliyevin Azərbaycan dilinin inkişafı, onun dövlət dili səviyyəsinə qaldırılması, ədəbiyyat və mədəniyyətin qorunması, milli kimlik və təhsil sahəsində atdığı addımlar elmi və tarixi kontekstdə təqdim olunub. Kitab həmçinin müasir dövrdə milli maarifçilik, dövlətçilik və mədəni irsin qorunması baxımından dəyərli töhfədir.

Tədbirdə ziyalılar, elm xadimləri, həmçinin dövlət və ictimaiyyət nümayəndələri iştirak edib. AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli, Milli Məclisin deputatları Qaya Məmmədov, Məlahət İbrahimqızı, Azərbaycan Respublikası  Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov, Slavyan Universitetinin rektoru Anar Nağıyev, ABŞ Şimali Karolina Universitetinin professoru Əli Əsgərov çıxış edərək kitabın elmi əhəmiyyətini, Ulu Öndərin strateji rolunun əsərdə əks olunmasını və onun ideallarının bugünkü və gələcək nəsillər üçün əhəmiyyətini vurğulayıblar.

Tədbirin sonunda kitabın müəllifi ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova çıxışında kitabın ideya mənbələrindən, araşdırma metodlarından və məqsədindən danışıb. O, “Missiya”nın Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, milli dövlətçiliyimizin formalaşması və xalqın mənəvi, mədəni dirçəlişi yolunda ömrünü və fəaliyyətini həsr etmiş Ulu Öndər Heydər Əliyev irsini dərindən tədqiq etdiyini qeyd edib. Kitabda Heydər Əliyevin həyat yolu, dövlətçilik fəaliyyəti, elm, maarif, mədəniyyət və dil siyasətindəki xidmətləri sistemli şəkildə təhlil olunub.

Sonda professor Mahirə Hüseynova “Baxış bucağı: Heydər Əliyev və strateji azərbaycançılıq”, “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” və “Ümummilli liderin ədəbiyyat strategiyası” adlı kitablarını Prezident Kitabxanasına hədiyyə edib.