Azərbaycanda Atatürk Mərkəzində Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunmuş “Əbülfəz Babazadə mətbuat aynasında” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə ölkənin elmi-mədəni ictimaiyyətinin nümayəndələri, tanınmış ziyalılar, media qurumlarının təmsilçiləri və jurnalistlər iştirak ediblər.
Nəşrin ideya müəllifi və tərtibçisi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının Kitabxana-biblioqrafiya xidməti bölməsinin müdiri Sonaxanım Abasovadır. Kitabda tanınmış jurnalist, tədqiqatçı və kulturoloq-yaponşünas Əbülfəz Babazadənin 1999-2025-ci illərdə mətbuatda dərc edilmiş təxminən 1400 məqalə və müsahibəsinin biblioqrafiyası təqdim olunur. Topluda, həmçinin müəllifin yaradıcılıq yolu, jurnalistika və kulturologiya sahələrinə verdiyi töhfələr, eləcə də ölkənin tanınmış elm və mədəniyyət xadimlərinin Babazadə haqqında fikirləri yer alır.
Nəşr həm jurnalistin çoxşaxəli fəaliyyətini sistemli şəkildə əks etdirən salnamə, həm də son 25 ildə Azərbaycan mətbuatının inkişaf dinamikasını və ictimai fikir mühitindəki dəyişiklikləri sənədli məlumatlar əsasında izləməyə imkan verən əhəmiyyətli mənbə kimi dəyərləndirilir.
Təqdimat zamanı Əbülfəz Babazadənin müəllimləri, uzun illər birgə çalışdığı həmkarları, media ekspertləri, mədəniyyət və incəsənət xadimləri, o cümlədən müxtəlif dövlət qurumlarının və aparıcı mətbuat orqanlarının nümayəndələri çıxış edərək onun peşəkarlığı, elmi-analitik üslubu, publisistik irsinin əhəmiyyəti və gənc jurnalistlər üçün nümunəvi fəaliyyət istiqamətləri barədə fikirlərini bölüşüblər.
Tədbir çərçivəsində kitabın hazırlanma prosesi, biblioqrafiyanın əhatəliliyi, Əbülfəz Babazadənin Azərbaycan mətbuatına gətirdiyi yeni yanaşmalar və kulturoloji araşdırmalarının rolu barədə məlumat verilib. Nəşrin gələcəkdə tədqiqatçılar və media mütəxəssisləri üçün mühüm zəngin informasiya mənbəyi olacağı vurğulanıb.
Əbülfəz Babazadə mətbuat aynasında: məqalələrin biblioqrafik göstəricisi = Абульфаз Бабазаде в зеркале прессы: библиографический указатель статей / Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitabxanası; tərt., ideya müəl. S. H. Abasova; red.: İ. Hüseynov, Ş. Tahirqızı.- Bakı : Mütərcim, 2025.- 448 s.