2025-ci il dekabrın 5-də Bakıda Qərbi Azərbaycan İcması tərəfindən “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfrans təşkil olunub.
Tədbirdə Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova və direktorun müşaviri, tarix üzrə fəlsəfə doktoru, dosent Nazim Mustafa iştirak ediblər.
Konfransın açılışında Qərbi Azərbaycan İcmasının fəaliyyəti barədə videoçarx nümayiş olunub. Daha sonra Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.
Tədbirdə Ermənistan ərazisindəki azərbaycanlılara məxsus mədəni irsin vəziyyəti, bu irsin qorunması və bərpası, həmçinin qayıdış hüququnun beynəlxalq hüquq və mədəni irsin müdafiəsi kontekstində qiymətləndirilməsi müzakirə olunub.
Konfrans çərçivəsində “Qayıdış hüququ və mədəni irs: hüquqi və mənəvi əsaslar”, “Maddi irs: qayıdışın fiziki təməllərinin qorunması”, “Qeyri-maddi irs: qayıdışın canlı əsaslarının dirçəldilməsi” və “Beynəlxalq əməkdaşlıq: qlobal dəstəyin səfərbər olunması” mövzularında panellər təşkil olunub.
Tədbirdə 60-dan çox ölkədən 100-dən artıq xarici qonaq və yerli ekspert iştirak edərək fikir mübadiləsi aparıblar.