31 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Prezident Kitabxanası 20 ildə” adlı biblioqrafik göstəricinin təqdimatı keçirilib.

Prezident Kitabxanasının yaranmasının 20 illiyinə həsr edilmiş biblioqrafik göstəricidə kitabxananın sənəd-informasiya fondunun formalaşması, elektron resursların və biblioqrafik informasiya mənbələrinin yaradılması, kitabxanalararası və beynəlxalq əlaqələri haqqında çap edilmiş materiallar toplanmışdır.

 

Göstəricidə Kitabxananın əsas tarixləri (2003-2023) haqqında mətbuat səhifələrində və məcmuələrdə çap edilmiş məqalələr, nəşrlər, kollektiv müəllifi olduğu kitabların biblioqrafiyası illər üzrə əlifba sırası ilə verilmiş, həmçinin Kitabxananın elektron layihələri və internet səhifələrindəki fəaliyyətidə öz əksini tapmışdır.

Biblioqrafik göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə müəlliflərin əlifba göstəricisi tərtib edilmişdir.

Kitabın təqdimatında Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini Leyla Məmmədova, Əməkdar mədəniyyət işçisi Mayıl Əhmədov, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Hüseyn Hüseynov, ADA Universiteti Kitabxanasının direktoru Elçin Məmmədov, BDU Elmi Kitabxanasının direktoru Nigar İsmayılova, Azərbaycan Tibb Universitetinin kitabxanasının direktoru Ziyafət Eminova, Azərbaycan Milli Kitabxanasının Elmi-tədqiqat və metodik təminat şöbəsinin müdiri Aygün Koçak, BDU İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Bayramov, Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov iştirak etmişlər. Qonaqlar tədbir çərçivəsində Prezident Kitabxanasının 20 illik fəaliyyətinə həsr olunmuş sərgi ilə tanış olmuşlar.

Tədbiri giriş sözü ilə Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova açmışdır. Daha sonra kitabın tərtibçisi, Kitabxana-biblioqrafiya xidməti bölməsinin müdiri Sonaxanım Abasova biblioqrafik göstərici haqqında məlumat vermişdir.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini Leyla Məmmədova Əməkdar mədəniyyət işçisi Mayıl Əhmədova Azərbaycanda kitabxana işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif edilmiş 2-ci dərəcəli “Əmək” ordenini təqdim etmişdir.

Kitabxanalar, cəmiyyətin mədəni və intellektual inkişafına böyük töhfələr verən vacib mərkəzlərdir. Onların fəaliyyəti, biliklərin yayılması, elmi araşdırmaların dəstəklənməsi və mədəniyyətin qorunması üçün əvəzolunmazdır. Tədbir iştirakçıları çıxışlarında Prezident Kitabxanasının 20 il ərzində Azərbaycan mədəniyyətinin və elminin inkişafına verdiyi töhfələr, onun müasir dövrün tələblərinə cavab verən bir mərkəzə çevrilməsi, bu sahədəki uğurlarının və əhəmiyyətinin mühüm bir göstəricisi olduğunu vurğuladılar.

AZƏRTAC
2025, 31 yanvar