Hazırda ölkəmizin demək olar ki, hər guşəsində xalqımızın yaddaşında dərin iz salmış görkəmli şəxsiyyətlərin ev-muzeyləri fəaliyyət göstərir. Bu muzeylərdə indiki nəsil həmin şəxsiyyətlərin yaşayıb-yaratdığı mühit və şəraitlə yaxından tanış olur, onların istifadə etdikləri ev əşyaları, onlara bağışlanan, sağlıqlarında və yaxud sonralar onlara ithaf edilən sənət əsərləri ilə tanışlıq sayəsində bu dahi insanların həyat və yaradıcılığı, yaşadıqları dövr və maraq dairələri haqqında ətraflı məlumat əldə edirlər. Artıq çox qiymətli eksponatlara çevrilən bu əşyalar arasında dəyərli sənət əsərləri də kifayət qədərdir. Xalq şairi Səməd Vurğunun ev-muzeyi də belə əsərlərlə zəngindir.
“Səməd Vurğun təsviri sənətdə” toplusunda şairin ev-muzeyinin fondundakı Təsviri incəsənət (TJ), Memorial (M) və Hədiyyələr (H) bölmələrində qorunan təsviri incəsənət əsərlərindən və dekorativ tətbiqi sənbət nümunələrindən istifadə edilmişdir. Bunlardan əlavə, şairin şeirlərindən parçalar da bu topluda öz əksini tapmışdır.