
Prezident Kitabxanası tərəfindən hazırlanmış “20 Yanvar. Təcavüz 1990” adlı yeddi fəsildən ibarət elektron layihədə 1990-cı il 20 Yanvar faciəsinin yaranma səbəbləri və hadisələrin miqyası haqqında ətraflı məlumat təqdim olunur. Resursda həmçinin bu qanlı faciə ilə bağlı rəsmi sənədlər toplusu, faciə ilə bağlı keçirilmiş dövlət mərasimləri və anım tədbirlərinə dair materiallar da istifadəçilərin ixtiyarına verilir. Elektron layihədə 20 Yanvarla əlaqədar seçmə kitabların və analitik məqalələrin tam mətnləri, onların biblioqrafik təsvirləri, eləcə də fotoarxiv və videoarxiv materialları toplanmışdır. Resursun Azərbaycan, ingilis və rus dillərində təqdim edilməsi xalqımızın üzləşdiyi faciənin beynəlxalq ictimaiyyətə daha dolğun şəkildə çatdırılması baxımından mühüm elmi-informativ əhəmiyyət daşıyır.