Tarixdən səhifələr

Azərbaycan Dövlət Teatr Muzeyi

Azərbaycan Dövlət Teatr Muzeyi

Azərbaycan Dövlət Teatr Muzeyi 1934-cü il 24 noyabr tarixində görkəmli teatr xadimi Ağakərim Şərifov tərəfindən yaradılmışdır. Şərqdə və Cənubi Qafqazda öz profilinə görə yeganə olan bu muzeyin yaradılmasının ilk təşəbbüskarı kimi o, 1920-ci ildən etibarən teatr tarixinə dair materialları toplamağa başlamışdır. Ağakərim Şərifov 1926-cı ildə Teatr Texnikumunun məzunları ilə görüşmüş, həmçinin bu sahədə Azərbaycanın görkəmli ziyalıları Əziz Şərif, Cəfər Cabbarlı, Əzim Əzimzadə, Sidqi Ruhulla kimi teatr korifeylərindən bir sıra məsləhətlər alaraq bu teatrın yaradılmasında onlardan böyük dəstək görmüşdür.  

Beləliklə, 1927-ci ildə keçmiş Tağıyev Teatrının binasında yerləşən Dram Teatrının (indiki Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yerləşdiyi bina) foyesində Sidqi Ruhullanın şəxsi arxivindən ibarət Azərbaycan Dövlət Teatr Muzeyinin ilk sərgisinin açılış mərasimi keçirilir. Bu sərgi muzeyin ilk ekspozisiyası hesab olunur.

1928-ci ildən 1934-cü ilə qədər muzey teatr şöbəsi kimi fəaliyyət göstərmiş və 1934-cü ildə Dövlət statusu alaraq həmin il noyabr ayının 24-də muzeyin təntənəli açılış mərasimi keçirilmişdir. Açılışda o dövrün görkəmli sənət xadimləri - Bülbül, Şövkət Məmmədova, Hüseynqulu Sarabski, Aleksandr Tuqanov, Ülvi Rəcəb, İsmayıl Hidayətzadə və başqaları iştirak edirdilər. Muzeyin ilk direktoru Ağakərim Şərifov olmuşdur.

1935-ci ildə muzeyə böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlının adı verilmişdir.

1937-1938-ci repressiya illərində milli teatrımızın inkişafına və teatr xadimlərimizə ağır zərbə vurulur. Lakin həmin illərdə muzeyin elmi işçisi Afərin Məmmədbəyova öz həyatını təhlükəyə qoyaraq repressiya qurbanlarının muzeydəki əşyalarını gizlətmiş və beləliklə, həmin sənədlər bu günümüzə gəlib çatmışdır.

1963-cü ildə isə Azərbaycan Dövlət Teatr Muzeyi ləğv edilir və Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin Teatr və dramaturgiya şöbəsinə çevrilir. 1968-ci ildə həmin şöbənin bazasında "C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin təşkili haqqında" qərar qəbul edilir. Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin binasının IV mərtəbəsindəki otaqlar yeni yaradılmış muzeyə verilir. Bu otaqlarda yalnız muzeyin fond əşyalarını və əməkdaşlarını yerləşdirmək mümkün olur.

Azərbaycan Dövlət Teatr Muzeyinin tarixində ən əlamətdar köçürülmə 1991-ci ildə baş verir. Azərbaycanda muzey məqsədilə tikilmiş ilk və yeganə bina – keçmiş V.İ.Lenin Mərkəzi Muzeyin Bakı filialının binası Mədəniyyət Nazirliyinə verildikdən sonra burada "Muzey Mərkəzi" yaradılır, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi və Azərbaycan İstiqlal Muzeyi ilə yanaşı, Dövlət Teatr Muzeyi də bu binada yerləşdirilir. Beləliklə, Azərbaycan teatrının tarixini əks etdirən zəngin ekspozisiya yaradılır.

Tarixi və unikal sənədlər arxivi olan bu muzey 7 zaldan ibarətdir. Muzeydə Azərbaycan tarixi teatr mədəniyyətini əks etdirən ekspozisiyalar tarixi xronologiya üzrə qurulmuşdur. Hər zalda ayrı-ayrı teatr binaları haqqında teatrların yaranma tarixi, XIX əsrin sonu — XX əsrin əvvəllərində Azərbaycan teatrının təşəkkül dövrünü əks etdirən  və eləcə də Azərbaycan peşəkar teatrının formalaşmasında və yüksəlişində əvəzsiz xidmətləri olan qüdrətli sənətkarların həyat və yaradıcılığından bəhs edən sənədlər və məlumatlar mövcuddur.

Azərbaycan Dövlət Teatr Muzeyi yalnız özünün ekspozisiyası ilə deyil, fondlarında qorunan nadir eksponatları ilə də zəngindir. Hazırda muzeydə 140.000-dən artıq eksponat toplanmışdır. Burada görkəmli sənətkarların şəxsi arxivləri, peşəkar teatrın yarandığı dövrdən bu günə qədər müxtəlif janrlarda oynanılmış teatr tamaşalarının proqram və afişaları, memorial əşyalar, rejissor eksplikasiyaları, rol dəftərləri, foto və neqativlər, səhnə əsərlərinin dekorasiya və geyim eskizləri, maketlər, rekvizitlər, teatr geyimləri və s. mövcuddur.

1873-cü ildə Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" komediyası əsasında oynanılmış ilk teatr tamaşasının afişası, ilk teatr truppasının 1888-ci ilə aid fotoşəkli, 1926-cı ildə Şərq üslubunda oynanılmış "Hamlet" tamaşasının kinolenti, Şərq aləmində 1908-ci ildə ilk opera "Leyli və Məcnun"un premyera-proqramı muzeyin ən dəyərli eksponatlarındandır.

Muzey 2004-cü ildə "Teatr tarixinə dair materialların toplanmasına və qorunmasına görə" Teatr Xadimləri Ittifaqı tərəfindən "Qızıl Dərviş" mükafatına layiq görülmüşdür.

Muzey bu gün də Azərbaycan mədəniyyətinin istər keçmişi, istərsə də bu günü ilə bağlı yeni materialların toplanması prosesini həyata keçirərək teatrlardan cari ilin sonunda repertuarlarında oynanılan tamaşaların proqram və afişalarını, video və fotoçəkilişlərini təhvil alaraq müasir mədəniyyətimizin gələcək nəsillərə ötürülməsini və geniş auditoriyalara çıxışını təmin edir.

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi milli səhnə sənətimizə dair materialların toplanması, mühafizəsi və nümayişi ilə yanaşı, peşəkar teatr tarixinin təbliği işini də həyata keçirir. Muzeydə mütəmadi olaraq tədbirlər, görüşlər, anım günləri, ustad dərsləri, mühazirə saatları, sərgilər keçirilərək Azərbaycan teatr mədəniyyəti və incəsənəti ictimaiyyətimizə təqdim və təbliğ olunur. Muzeyin zəngin fondu yalnız yerli deyil, eyni zamanda beynəlxalq səviyyədə də mədəniyyət institutuna çevrilmişdir.

Azərbaycan Dövlət Teatr Muzeyi Azərbaycan mədəni irsini qoruyaraq təbliğ edən, inkişaf etdirərək, gələcək nəsillərə ötürən mühüm mədəniyyət ocağıdır.


Tövsiyə edilən ədəbiyyat:

  1. Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi -75 il /Azərb. Resp. Mədəniyyət və Turizm Muzeyi; C. Cabbarlı Azərbaycan Dövlət Teatr Muzeyi; [ayihənin rəhbəri. N. Nurullayeva; mətnin müəl. S. Mikayılova; ön sözün müəl. A. P. Nemət; dizayn. A. Babiç. - Bakı: [s.n.], 2009. - 35 s.
  2. Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni: Respublika elmi-praktiki konfransının materialları, Bakı 28 mart 2019-cu il /red. hey.: Ə. Salamzadə, C. Mahmudova, S. Mikayılova ; məsul red. V. Qafarov. - Bakı: Səda, 2019. - 215 s.