Prezident Kitabxanasının fonduna Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynovanın "Birinci Türkoloji Qurultayın ən yeni dövr türkoloji təfəkkürün inkişafında rolu" adlı kitabı daxil olub.
Nəşrdə 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın elmi və tarixi əhəmiyyəti araşdırılır. Kitabda Qurultayın ilk iclasından sonuncu iclasınadək keçirilən müzakirələrin stenoqrafik hesabatının məzmunu ardıcıl şəkildə təqdim olunur. Bununla yanaşı, Qurultayın keçirilməsinə qədər Azərbaycanda türkologiya sahəsində görülmüş işlər və bu mötəbər elmi toplantının həmin sahənin sonrakı inkişafına göstərdiyi təsir təhlil olunur.
Araşdırmada tarixi faktlar və elmi mənbələr əsasında Birinci Türkoloji Qurultayın Azərbaycan türkoloji fikrinin formalaşması və inkişafındakı rolu, eləcə də onun sonrakı dövrlərdə aparılan türkoloji tədqiqatlar üçün əhəmiyyəti işıqlandırılır. Nəşr bu istiqamətdə aparılmış elmi araşdırmaların sistemli şəkildə təqdim olunması baxımından xüsusi dəyər kəsb edir.
Kitab türkologiya, dilçilik, Azərbaycan elmi fikir tarixi və mədəniyyət tarixi ilə maraqlanan tədqiqatçılar və geniş oxucu auditoriyası üçün mühüm elmi mənbə olmaqla yanaşı, Prezident Kitabxanası fondunun bu istiqamət üzrə daha da zənginləşdirilməsinə xidmət edir.
Hüseynova, Mahirə. Birinci Türkoloji Qurultayın ən yeni dövr türkoloji təfəkkürün inkişafında rolu / M. Hüseynova.- Bakı: Müəllim, 2026.- 498 s.