Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin nümayəndə heyətinin tərkibində Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş “Heritage İstanbul 2026” beynəlxalq bərpa, arxeologiya, muzey və kitabxana sərgi və konfransında iştirak etmişdir. Mədəni irsin qorunması və bərpasına həsr olunan tədbir müxtəlif ölkələrdən sahə üzrə mütəxəssisləri bir araya gətirərək beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi üçün imkanlar yaratmışdır.
Tədbir çərçivəsində arxeologiya, memarlıq, muzeologiya, konservasiya, kitabxana və arxiv işi sahələrində müasir yanaşmalar təqdim olunmuş, aktual məsələlər və yeni texnoloji tətbiqlər ətrafında fikir mübadiləsi aparılmışdır. Sərgidə 20-dən çox ölkədən nümayəndələr və 130-dan artıq şirkət iştirak etmişdir. Tədbir Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, İstanbul şəhər bələdiyyəsi və digər aidiyyəti qurumların dəstəyi ilə təşkil olunmuşdur.
Səfər çərçivəsində Afət Abbasova “Heritage Projects” şirkətinin təsisçisi Osman Murat Akan və satış üzrə icraçı Hatice Deniz ilə görüş keçirərək əməkdaşlıq imkanları və tədbirin təşkilati məsələləri barədə fikir mübadiləsi aparmışdır. Daha sonra bir sıra aparıcı elmi və mədəniyyət müəssisələrinə ziyarətlər həyata keçirilmişdir.
Bu çərçivədə Türkiyə Yazma Əsərlər Qurumu, Asitane Bərpa və Konservasiya Mərkəzi, İstanbul Beylerbeyi Sabancı Olğunlaşma İnstitutu, Rami Kitabxanası, Osmanlı Arxivi, İslam Araşdırmaları Mərkəzi (İSAM), eləcə də Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Mədəniyyət Mərkəzi ziyarət olunmuşdur. Görüşlər zamanı nadir nəşrlərin qorunması, əlyazmaların bərpası, arxiv materiallarının rəqəmsallaşdırılması və müasir kitabxana işi sahəsində tətbiq olunan təcrübələr müzakirə edilmişdir.
Səfər ümumilikdə mədəni irsin qorunması, kitabxana və arxiv işinin inkişafı, eləcə də beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyət kəsb etmişdir.