Xəbərlər

“Nadir kitablar” virtual kolleksiyası dəyərli nəşrlərlə zənginləşib

“Nadir kitablar” virtual kolleksiyası dəyərli nəşrlərlə zənginləşib

“Nadir kitablar” virtual kolleksiyası dəyərli nəşrlərlə zənginləşib

“Nadir kitablar” virtual kolleksiyası müxtəlif ölkə və dövrlərin tarixi, ədəbi və elmi-maarifçi fikrinin çoxşaxəliliyini əks etdirən beş dəyərli nəşrlə zənginləşib. Nəşrlər istifadəçiləri elm nailiyyətlərinə, klassik ədəbiyyata, səyahətlərə, tarixə və ictimai fikrə həsr olunmuş əsərlərlə tanış edir.

Elmi-populyar istiqamət fransız müəllifi Pol Gzelin 1896-cı ildə Parisdə fransız dilində nəşr olunmuş “Nouvelles scientifiques” (“Elmi novellalar”) toplusu ilə təmsil olunur. Kitabda elmi ideyalar və kəşflər maarifləndirici məzmunu bədii təhkiyə ilə birləşdirən maraqlı hekayələr formasında təqdim olunur.

İngilis ədəbiyyatı Oliver Qoldsmitin 1907-ci ildə Londonda ingilis dilində nəşr olunmuş “The Miscellaneous Works” (“Müxtəlif əsərlər”) toplusu ilə təmsil olunur. Kitab XVIII əsr ingilis ədəbiyyatının ən tanınmış nümayəndələrindən birinin esse, poeziya, nəsr və publisistik əsərlərini bir araya gətirir.

Kolleksiyada Mark Tvenin 1904-cü ildə Ştutqartda nəşr olunmuş “Reisebilder” (“Səyahət qeydləri”) adlı alman nəşri ilə zənginləşib. Kitaba məşhur Amerika yazıçısının Avropa ölkələrinə səyahətlərinə həsr olunmuş, incə yumoru, müşahidəçiliyi və parlaq təsvirləri ilə seçilən yol oçerkləri daxil edilib.

Kolleksiyada həmçinin A. Mironov tərəfindən tərtib edilmiş və 1954-cü ildə nəşr olunmuş “Aleksandr Nikolayeviç Radişşev” albomu təqdim olunur. Kitab XVIII əsrin görkəmli rus yazıçı-maarifçisinin həyat və yaradıcılıq irsinə həsr olunub, onun ictimai baxışlarını və ədəbi fəaliyyətini işıqlandırır, həmçinin zəngin illüstrativ materialları özündə əks etdirir.

Virtual kolleksiya alman müəllifi Sebastyan Henzelin “Mendelsonlar ailəsi” (Die Familie Mendelssohn) əsəri ilə də zənginləşmişdir. Ailə məktubları, gündəliklər və xatirələr əsasında hazırlanmış bu nəşr XIX əsr alman mədəniyyəti tarixinin öyrənilməsi baxımından mühüm tarixi-bioqrafik mənbə hesab olunur.

Təqdim olunan nəşrlər kitab mədəniyyətinin dəyərli abidələri olmaqla yanaşı, öz dövrünün geniş tarixi, ədəbi və elmi maraqlar dairəsini əks etdirir. Onların virtual kolleksiyaya daxil edilməsi mədəni irsin qorunmasına xidmət edir və istifadəçilərin dünya kitab fikrinin görkəmli nümunələri ilə tanışlıq imkanlarını genişləndirir.