Dövlət xadimi, tanınmış nasir, publisist, tərcüməçi və ədəbiyyatşünas Elmira Hüseyn qızı Axundova Prezident Kitabxanasına öz müəllifi olduğu nəşrlərdən ibarət zəngin kitab toplusu hədiyyə etmişdir. Azərbaycan, rus və ingilis dillərində müxtəlif illərdə nəşr olunmuş bu nəşrlər ümumilikdə 60 nüsxədən ibarətdir.
Hədiyyə olunmuş kitabların əhəmiyyətli hissəsi müasir Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuşdur. Elmira Axundovanın bu silsilə əsərləri Heydər Əliyevin çoxşaxəli dövlətçilik irsini dərindən təhlil edən, sənədli mənbələrə və publisistik üsluba əsaslanan mühüm tədqiqat işləridir. Nəşrlər Ulu Öndərin idarəçilik təcrübəsini, milli dövlət quruculuğundakı xidmətlərini və ictimai-siyasi irsini geniş auditoriyaya çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu töhfə Prezident Kitabxanasının fondunun daha da zənginləşdirilməsi baxımından əlamətdar hadisə olmaqla yanaşı, həm də elmi-araşdırma sahəsində fəaliyyət göstərən tədqiqatçılar, tələbələr və geniş oxucu auditoriyası üçün əlavə imkanlar yaradır. Bu nəşrlər vasitəsilə Prezident Kitabxanasının istifadəçiləri Heydər Əliyev irsini daha dərindən öyrənmək, araşdırmaq və qiymətləndirmək imkanı əldə edəcəklər.