Prezident Kitabxanasının Kolleksiyalar bölməsinin “Ədəbi irs” adlı alt bölməsində Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin yaradıcılığına həsr olunmuş yeni virtual kolleksiya yaradılıb.
Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna xidmətləri olan, Yaxın və Orta Şərq ədəbiyyatına dərin təsir göstərmiş qüdrətli söz ustasıdır. Dərin elmi biliyə və zəngin dünyagörüşünə malik mütəfəkkirin insan, həyat və mənəvi kamillik məsələlərini əhatə edən bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi ən qiymətli mənəvi sərvətlərdən biridir. Ana dilində yaratdığı yüksək poetik nümunələrlə Azərbaycan ədəbi dilinin inkişafına mühüm töhfələr verən Füzuli milli ədəbi fikrin zənginləşməsinə də əvəzsiz xidmət göstərmişdir.
Virtual kolleksiyada Məhəmməd Füzulinin zəngin ədəbi irsinin müxtəlif aspektlərini əks etdirən nəşrlər toplanıb. Burada şairin qəzəlləri, divanları, poemaları, lirik və fəlsəfi əsərləri, eləcə də yaradıcılığının ayrı-ayrı janr və mövzularını əhatə edən seçilmiş əsərləri, külliyyatları və müxtəlif nəşr variantları yer alır. Kolleksiyada, həmçinin Füzuli yaradıcılığının ədəbi-mədəni əhəmiyyətini, Azərbaycan klassik ədəbiyyatındakı mövqeyini və irsinin müxtəlif dillərdə tanınmasını əks etdirən nəşrlər də təqdim olunur. Bu nəşrlər bütövlükdə dahi şairin yaradıcılığının zənginliyini, çoxşaxəliliyini və əsrlər boyu qoruyub saxladığı bədii-fəlsəfi dəyəri nümayiş etdirir.
Füzulinin əsərləri yarandığı dövrdən etibarən geniş coğrafiyada yayılmış, müəllifinə böyük şöhrət qazandırmış və əsrlər boyu öz bədii-estetik əhəmiyyətini qoruyub saxlamışdır. Füzuli ənənələri onun müasirlərindən başlayaraq sonrakı dövrlərin görkəmli sənətkarları tərəfindən davam etdirilmiş, şairin yaradıcılığı Azərbaycan və Şərq ədəbiyyatının inkişafına mühüm təsir göstərmişdir.
Virtual kolleksiya Məhəmməd Füzulinin yaradıcılığı ilə maraqlanan geniş oxucu auditoriyası, ədəbiyyatşünaslar və tədqiqatçılar üçün faydalı informasiya resursudur. Kolleksiya istifadəçilərə Füzulinin zəngin ədəbi irsi, əsərlərinin müxtəlif nəşrləri və tərcümələri, yaradıcılığının əsas istiqamətləri, eləcə də Azərbaycan və Şərq ədəbi-mədəni irsindəki mövqeyi ilə daha əhatəli şəkildə tanış olmaq imkanı yaradır.
Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna xidmətləri olan, Yaxın və Orta Şərq ədəbiyyatına dərin təsir göstərmiş qüdrətli söz ustasıdır. Dərin elmi biliyə və zəngin dünyagörüşünə malik mütəfəkkir kimi onun…