Prezident Kitabxanasının fondu “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin 11-ci cildi ilə zənginləşib. Nəşr 20 yanvar 1996 – 1 aprel 1996-cı il tarixlərini əhatə edir və həmin dövrdə Ümummilli lider Heydər Əliyevin fəaliyyətini əks etdirən materialları özündə birləşdirir.
Cildə Ümummilli liderin çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri, məktubları və digər rəsmi sənədlər daxil edilib. Topluda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı Respublika sarayında keçirilmiş mərasimdəki çıxış, 2 Fevral Gənclər Forumundakı nitq, Həştərxan və Gürcüstan televiziyalarına müsahibələr, Ramazan bayramı və Xocalı soyqırımının ildönümü ilə əlaqədar xalqa müraciətlər öz əksini tapıb.
Eyni zamanda nəşrdə Gürcüstana rəsmi səfər çərçivəsində Prezident Eduard Şevardnadze ilə keçirilmiş görüş və danışıqlar, bu ölkədə yaşayan azərbaycanlılarla görüş, eləcə də Türkmənistan Prezidenti Saparmurat Niyazovun Azərbaycana dövlət səfəri zamanı baş tutmuş tədbirlər və çıxışlar əks olunub.
Cilddə Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, bazar iqtisadiyyatına keçid dövründə yaranmış çətinliklərin aradan qaldırılması, kənd təsərrüfatının inkişafı, həmçinin erməni təcavüzünün nəticələrinin aradan qaldırılması istiqamətində materiallar da yer alıb. Bununla yanaşı, ölkənin daxili və xarici siyasətinin əsas istiqamətlərini əks etdirən sənədlər toplanıb.
Nəşr tədqiqatçılar və geniş oxucu auditoriyası üçün etibarlı mənbə olmaqla, müstəqillik illərinin mühüm mərhələsini, həmin dövrün ictimai-siyasi proseslərini və dövlət idarəçiliyi təcrübəsini daha dolğun şəkildə öyrənməyə imkan yaradır.
Əliyev, Heydər Əlirza oğlu. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr, məruzələr, müraciətlər, fərmanlar / H. Ə. Əliyev; bur. məsul Ə. Ağalarov.
11-ci kitab: yanvar, 1996 - aprel, 1996.- Təkrar nəşr.- Bakı: Azərnəşr, 2026.- 400 s.