Xəbərlər

Prezident Kitabxanasının fonduna “Zəfər yolçuları” kitabı hədiyyə olunub

Prezident Kitabxanasının fonduna “Zəfər yolçuları” kitabı hədiyyə olunub

Prezident Kitabxanasının fonduna “Zəfər yolçuları” kitabı hədiyyə olunub

“Xalq qəzeti”nin kitabxanası” seriyasından nəşr olunan, redaksiyanın əməkdaşı Əli Nəcəfxanlının müəllifi olduğu “Zəfər yolçuları” kitabı Prezident Kitabxanasının fonduna daxil edilib. Sənədli-publisistik oçerklərdən ibarət nəşr İkinci Qarabağ müharibəsinin qəhrəmanlarına həsr olunub.

Əməkdar jurnalist Tahir Aydınoğlunun redaktorluğu ilə hazırlanan kitabda İkinci Qarabağ müharibəsində “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş 44 nəfərin döyüş yolu, göstərdikləri şücaət və fədakarlıq işıqlandırılır. Oçerklərdə qəhrəmanların döyüşlərdə göstərdikləri rəşadətlə yanaşı, uşaqlıq illəri, böyüdükləri mühit, vətənpərvərlik ruhunda tərbiyəsi və insani keyfiyyətləri də sənədli faktlar əsasında əksini tapıb.

“Xalq qəzeti”nin direktor-baş redaktoru, Əməkdar jurnalist Əflatun Amaşovun ön sözü ilə açılan kitabın “Onları tanıyaq” bölməsində Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş 83 nəfərin siyahısı təqdim olunur. Kitabda, həmçinin Əli Nəcəfxanlının 44 misradan ibarət “Zəfər yolçuluğu” şeiri yer alıb.

Nəşrdə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparan şəhid və qazilərin qəhrəmanlığı, döyüş şücaəti və fədakarlığı sənədli materiallar əsasında işıqlandırılır. Kitab Vətən müharibəsi qəhrəmanlarının həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyət daşıyır.
 

Kitab haqqında
Zəfər yolçuları: Vətən müharibəsi Qəhrəmanları - 44 günlük Zəfər Yürüşünün 44 cəngavəri

Zəfər yolçuları: Vətən müharibəsi Qəhrəmanları - 44 günlük Zəfər Yürüşünün 44 cəngavəri

Nəcəfxanlı, Əli. Zəfər yolçuları: Vətən müharibəsi Qəhrəmanları - 44 günlük Zəfər Yürüşünün 44 cəngavəri / Ə. Nəcəfxanlı.- Bakı: Elm və təhsil, 2026.- 160 s.