Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Prezident Kitabxanasına “Azərbaycanın statistik göstəriciləri – 2026”, “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti – 2026” və “Azərbaycan gəncləri – 2026” adlı statistik məcmuələri hədiyyə edib.
“Azərbaycanın statistik göstəriciləri – 2026” məcmuəsində ölkənin sosial, iqtisadi, demoqrafik və ekoloji həyatında baş verən prosesləri səciyyələndirən əsas statistik göstəricilər əks olunub. Müəssisə, təşkilat, ev təsərrüfatları və fiziki şəxslərdən əldə olunan statistik hesabatlar, siyahıyaalmalar, seçmə müayinələr və digər statistik müşahidələr, eləcə də aidiyyəti dövlət qurumlarının məlumatları əsasında hazırlanan nəşr ölkənin sosial-iqtisadi və demoqrafik inkişafının müxtəlif istiqamətləri üzrə statistik mənzərəni əks etdirir.
“Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti – 2026” statistik məcmuəsində ölkədə səhiyyə sisteminin vəziyyəti, əhalinin sağlamlıq göstəriciləri, sosial müdafiə təminatı və mənzil şəraiti ilə bağlı məlumatlar toplanıb. Nəşrdə tibb müəssisələrinin şəbəkəsi, xəstələnmə və ölümün əsas səbəbləri, doğuşlar, pensiya təminatı, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı, əlillik göstəriciləri, sosial xidmət müəssisələrinin fəaliyyəti, habelə mənzil fondunun abadlıq səviyyəsi və əhalinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı statistik məlumatlar yer alıb. Göstəricilərin iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə təqdim edilməsi ölkənin ayrı-ayrı əraziləri üzrə müqayisəli təhlil aparmağa imkan verir.
“Azərbaycan gəncləri – 2026” statistik məcmuəsi gənclərin demoqrafik vəziyyəti, sağlamlığın qorunması və idman sahəsində vəziyyət, təhsil və elm, məşğulluq və işsizlik, asudə vaxt, gənclərdən ibarət ev təsərrüfatları, eləcə də hüquqpozmalarla bağlı göstəriciləri əhatə edir. Nəşrdə gənclərin yaş və cins tərkibi, sağlamlıq vəziyyəti, təhsil səviyyəsi, əmək bazarında iştirakı, sosial vəziyyəti və həyat şəraiti müxtəlif statistik məlumatlar əsasında təqdim olunur. Məcmuə gənclərlə bağlı demoqrafik və sosial proseslərin öyrənilməsi, bu sahədə mövcud vəziyyətin qiymətləndirilməsi üçün əhəmiyyətli informasiya mənbəyidir.
Prezident Kitabxanasına hədiyyə edilən bu nəşrlər Azərbaycanın sosial-iqtisadi inkişafı, demoqrafik prosesləri, səhiyyə və sosial müdafiə sistemi, mənzil şəraiti, eləcə də gənclərin sosial vəziyyəti haqqında geniş statistik məlumatları əhatə edir. Məcmuələr müvafiq sahələr üzrə məlumatların öyrənilməsi, müqayisəli təhlillərin və elmi araşdırmaların aparılması, həmçinin bu istiqamətlərdə məlumat əldə etmək istəyən oxucuların informasiya təminatı baxımından əhəmiyyət kəsb edir.