Tarix elmləri doktoru, professor Mehman Süleymanov “Çaldıran döyüşü” adlı kitabını Prezident Kitabxanasına hədiyyə edib.
Nəşr XVI əsrin əvvəllərində Yaxın Şərqin siyasi mənzərəsində mühüm yer tutan Səfəvilər dövlətinin tarixi ilə bağlı əhəmiyyətli hadisələrdən birinə — 1514-cü ildə baş vermiş Çaldıran döyüşünə həsr olunub. Səfəvilər dövlətinin banisi Şah İsmayılın həyat və mübarizə tarixində xüsusi yer tutan bu döyüş dövrün siyasi münasibətlərini və hərbi qarşıdurmalarını səciyyələndirən mühüm hadisələrdəndir.
Kitabda Çaldıran döyüşünün başvermə səbəbləri, gedişi və nəticələri mötəbər tarixi mənbələr əsasında araşdırılır. Bu yanaşma hadisənin tarixi şəraitinin, eləcə də Səfəvilər və Osmanlı dövlətləri arasındakı qarşıdurmanın əsas məqamlarının nəzərdən keçirilməsinə imkan verir.
Çaldıran döyüşünün araşdırılması Şah İsmayılın fəaliyyətinin, Səfəvilər dövlətinin tarixinin və dövrün siyasi proseslərinin daha dolğun anlaşılması baxımından əhəmiyyət daşıyır. Bu hadisəyə həsr olunmuş tədqiqatlar Azərbaycan tarixinin mühüm mərhələlərinin öyrənilməsinə maraq göstərən oxucular üçün də diqqətəlayiq nəşrdir.
Prezident Kitabxanasının fondunu zənginləşdirən bu kitab Səfəvilər dövrünün tarixi ilə maraqlanan tarixçilər, tədqiqatçılar, ali məktəb tələbələri və geniş oxucu auditoriyası üçün mövzu ilə bağlı biliklərin dərinləşdirilməsinə xidmət edir.