Hüseyn Cavid irsinin araşdırıcısı İsgəndər Atilla tərəfindən Prezident Kitabxanasına 20 adda 21 nüsxə kitab hədiyyə edilib. Təqdim olunan nəşrlər müəllifin uzun illər apardığı elmi-tədqiqat fəaliyyətinin nəticələrini əks etdirir.
Hədiyyə edilən kitablar əsasən Hüseyn Cavid yaradıcılığının fəlsəfi məzmunu, bədii xüsusiyyətləri və dramaturgiyasının tədqiqinə həsr olunub. Nəşrlərə müəllifin müxtəlif dövrlərdə qələmə aldığı məqalələr və bu sahə üzrə araşdırmalar daxildir. Bu nəşrlərdə Cavid irsi ardıcıl şəkildə təhlil olunur, onun Azərbaycan ədəbiyyatındakı yeri və əhəmiyyəti göstərilir. Çoxcildli tədqiqatlar və toplular isə Cavidşünaslıq sahəsində vahid elmi yanaşmanı formalaşdırır.
Prezident Kitabxanasına daxil olan bu nəşrlər Hüseyn Cavid irsinin öyrənilməsi və elmi dövriyyədə istifadəsi üçün əlavə imkanlar yaratmaqla yanaşı, Cavid yaradıcılığı ilə bağlı tədqiqatçılar və mövzu ilə maraqlanan oxucular üçün etibarlı mənbə rolunu oynayır.
Prezident Kitabxanası kitab hədiyyəsinə görə İsgəndər Atillaya təşəkkürünü bildirir.