Türkiyə Respublikasının Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutununTürk Dünyasının sosial, iqtisadi və siyasi əlaqələr kafedrasının müdiri, professor Vəfa Kurban müəllifi olduğu türk və ingilis dillərində yeni kitablarını Prezident Kitabxanasına hədiyyə etmişdir. Tarix, politologiya və beynəlxalq münasibətlər sahəsində mühüm mənbə rolunu oynayan bu nəşrlər Cənubi Qafqaz regionu, Rusiya-Türkiyə münasibətləri və Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Nəşrlərdən biri — türk dilində işıq üzü görən “Sovyet Sosyalist Cumhuriyetler Birliği Tarihi” (“Sovet Sosialist Respublikaları İttifaqı tarixi”) kitabıdır. Beş əsas bölmədən ibarət olan bu fundamental əsərdə 1922–1991-ci illərdə SSRİ-nin yaranması, I və II Dünya müharibələri dövründəki siyasəti, Soyuq müharibə illəri, yenidənqurma (perestroyka) və aşkarlıq (qlasnost) dövrləri, habelə sistemin böhranı və Sovet İttifaqının dağılması mərhələləri ətraflı şərh edilir.
Fonda daxil olan ingilisdilli nəşrlərdən “Russia’s Turkey Policy During the Putin Era” (“Putin dövründə Rusiyanın Türkiyə siyasəti”) əsərində 2000-ci ildən sonra Vladimir Putinin hakimiyyəti dövründə Rusiyanın Türkiyə siyasəti, iki ölkə arasında enerji, təhlükəsizlik və geosiyasi münasibətlər təhlil edilir. Müəllifin digər əsəri olan “Russian-Turkish Relations from the First World War to the Present” (“Birinci Dünya müharibəsindən bu günədək Rusiya-Türkiyə münasibətləri”) kitabında isə Birinci Dünya müharibəsindən başlayaraq Sovet dövrü, Soyuq müharibə illəri və müasir mərhələyə qədər Rusiya-Türkiyə əlaqələrinin tarixi təkamülü geniş şəkildə işıqlandırılır.
Kolleksiyaya daxil olan “The Caucasus Policy of Russia in the Early 21st Century: Internal and External Dynamics” (“XXI əsrin əvvəllərində Rusiyanın Qafqaz siyasəti: Daxili və xarici dinamikalar”) nəşrində XXI əsrin əvvəllərində Rusiyanın Qafqaz siyasətinin daxili və xarici dinamikası, Azərbaycan, Gürcüstan və Çeçenistan müstəvisində baş verən siyasi-geosiyasi proseslər tədqiq olunur.
Müəllifin “Historical Background of the Karabakh Conflict and Shusha, the Cultural Capital” (“Qarabağ münaqişəsinin tarixi keçmişi və mədəniyyət paytaxtı Şuşa”) kitabında isə Qarabağ münaqişəsinin tarixi kökləri, regionun geostrateji əhəmiyyəti və Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin tarixi-mədəni irsi elmi əsaslarla təqdim edilir.
Türk və ingilis dillərində nəşr olunan bu dəyərli tədqiqat işləri xarici tədqiqatçılar, politoloqlar və beynəlxalq münasibətlər üzrə mütəxəssislər üçün mühüm mənbədir.