Xəbərlər

Prezident Kitabxanasında Milli Dirçəliş Gününə həsr olunmuş kitab sərgisi təşkil edilib

Prezident Kitabxanasında Milli Dirçəliş Gününə həsr olunmuş kitab sərgisi təşkil edilib

Prezident Kitabxanasında Milli Dirçəliş Gününə həsr olunmuş kitab sərgisi təşkil edilib

Azərbaycan xalqının milli azadlıq hərəkatında mühüm yer tutan 17 Noyabr – Milli Dirçəliş Günü ölkəmizin dövlət müstəqilliyinin bərpasına aparan mübarizənin əlamətdar mərhələsidir. 1988-ci ilin noyabrında Bakının Azadlıq meydanında başlayan kütləvi mitinqlər xalqın azadlıq və müstəqillik əzmini nümayiş etdirərək milli azadlıq hərəkatının genişlənməsində mühüm rol oynamışdır. 1990-cı il noyabrın 17-də isə Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında muxtar respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilmişdir. 1992-ci il oktyabrın 27-də qəbul edilmiş qanunla 17 noyabr Milli Dirçəliş Günü elan olunmuşdur.

Ümummilli lider Heydər Əliyevin sovet dövründən başlayaraq milli-mənəvi dəyərlərin qorunması, elmin, təhsilin və mədəniyyətin inkişafı, respublikanın iqtisadi potensialının gücləndirilməsi istiqamətində həyata keçirdiyi siyasət müstəqil dövlət quruculuğu üçün mühüm zəmin yaratmışdır. Ümummilli liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən ardıcıl davam etdirilməsi ölkəmizin dövlətçilik əsaslarının möhkəmlənməsinə, beynəlxalq mövqelərinin güclənməsinə və ərazi bütövlüyünün bərpasına xidmət etmişdir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər müstəqil Azərbaycan dövlətinin qüdrətini və xalqımızın milli birliyini nümayiş etdirmişdir.

Bu əlamətdar tarix münasibətilə Prezident Kitabxanasında 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş kitab sərgisi təşkil edilərək oxucuların istifadəsinə verilib.

Sərgidə Azərbaycan xalqının milli azadlıq mübarizəsinin tarixi, müstəqillik ideyasının təşəkkülü, dövlətçilik ənənələrinin formalaşması və inkişafı, eləcə də müasir Azərbaycan dövlətinin quruculuq yolu ilə bağlı elmi, tarixi və siyasi-analitik nəşrlər təqdim olunur. Ekspozisiyada ölkəmizin qədim və müasir tarixini, milli özünüdərk proseslərini, azərbaycançılıq ideologiyasının əsaslarını, dövlət idarəçiliyinin nəzəri və praktiki aspektlərini araşdıran əsərlərlə yanaşı, Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, siyasi irsini, Azərbaycanın xarici siyasətinin başlıca istiqamətlərini və Qarabağ Zəfərinin tarixi-siyasi əhəmiyyətini əks etdirən nəşrlər də yer alır.

Kitab sərgisi Milli Dirçəliş Gününün tarixi-siyasi mahiyyətinin, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin və müasir dövlətçiliyimizin formalaşma mərhələlərinin daha dərindən öyrənilməsi baxımından əhəmiyyət kəsb edir. Təqdim olunan ədəbiyyat tarixçilər, tədqiqatçılar və geniş oxucu auditoriyası üçün milli azadlıq hərəkatı, Heydər Əliyev irsi və Azərbaycanın dövlətçilik tarixi ilə bağlı biliklərin dərinləşdirilməsinə, mövzu üzrə elmi-tarixi mənbələrlə tanışlığa xidmət edir.