Prezident Kitabxanasının fondu ali məktəb tələbələri, tədqiqatçılar və mütəxəssislər üçün nəzərdə tutulmuş müxtəlif elm sahələrinə aid yeni dərs vəsaitləri və dərsliklərlə zənginləşib. Yeni nəşrlər iqtisadiyyat, idarəetmə, mühasibat uçotu, dilçilik, riyaziyyat və mühəndislik sahələrini əhatə edir.
İqtisadiyyat və maliyyə sahəsi üzrə nəşrlər arasında professor Saleh Məmmədovun müəllifi olduğu “Rəqəmsal maliyyə” adlı dərs vəsaiti xüsusi yer tutur. Nəşrdə maliyyə idarəçiliyində rəqəmsal transformasiya, blokçeyn, rəqəmsal valyutalar və müasir maliyyə texnologiyaları ətraflı təhlil olunur.
Bununla yanaşı, Azərbaycan Texnologiya Universitetinin əməkdaşları tərəfindən ərsəyə gətirilən yeni dərslik və dərs vəsaitləri də kitabxananın fonduna daxil edilib. İqtisad üzrə fəlsəfə doktorları, dosentlər Minurə Kərimova və Fazil Kərimovun həmmüəllifliyi ilə işıq üzü görmüş “Mühasibat uçotu” dərsliyində mühasibat uçotunun nəzəri əsasları, metodoloji prinsipləri, hesablar sistemi, ikili yazılış prinsipi, aktiv və öhdəliklərin uçotu, eləcə də vergi və maliyyə hesabatlarının tərtibi geniş şərh olunub.
İqtisadiyyat və idarəetmə istiqamətində təqdim olunan digər mühüm resurs 3 kitabdan ibarət “Karyera planlaması” dərs vəsaitidir. Vəsaitin 1-ci kitabı iqtisad üzrə fəlsəfə doktorları Fazil Kərimov və Xəyyam Cavadzadə, Azərbaycan Texnologiya Universitetinin “İqtisadiyyat” kafedrasının baş müəllimləri Sevinc Babakişiyeva və İradə Kərimovanın; 2-ci kitabı professor Natiq Cavadov, iqtisad üzrə fəlsəfə doktorları Minurə Kərimova və Sürəyya İsmayılova, doktorant Seymur Məmmədovun; 3-cü kitabı isə iqtisad üzrə fəlsəfə doktorları Minurə Kərimova və Xatirə Qurbanova, doktorant Ayşən Məmmədovanın həmmüəllifliyi ilə hazırlanmışdır. Dərs vəsaitində müasir əmək bazarı şəraitində karyera anlayışı, planlaşdırma prinsipləri, motivasiya, adaptasiya, liderlik və peşəkar inkişaf məsələləri sistemli şəkildə təhlil edilir, tələbələrin praktiki bacarıqlarını artırmaq üçün testlər və tapşırıqlar təqdim olunur.
Filologiya üzrə fəlsəfə doktoru Sevinc Həsənovanın “Integrated Language Skills for Higher Education” adlı kitabı isə CEFR B1 səviyyəsində ingilis dilinin akademik mühitdə inteqrasiyalı tədrisinə həsr olunub. Nəşrdə oxu, dinləmə, danışıq, akademik yazı və tənqidi təfəkkür bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir.
Nəşrlər sırasında Mingəçevir Dövlət Universitetində hazırlanaraq işıq üzü görən dəqiq və texniki elmlər üzrə yeni dərs vəsaitləri də yer alır. Texnika elmləri üzrə fəlsəfə doktoru Kəmalə Eyyubovanın müəllifi olduğu “Texniki termodinamika və istilikötürmə” adlı dərs vəsaiti istilik prosesləri, enerji çevrilmələri və istilik texnikasının əsaslarını əhatə edir.
Riyaziyyat üzrə fəlsəfə doktoru Rövşən Babayevin qeyri-riyaziyyat, pedaqoji və mühəndislik ixtisaslarının bakalavr pilləsi üçün nəzərdə tutulmuş “Riyazi analiz” vəsaitində fənnin nəzəri əsasları, nümunəvi məsələ həlləri və praktiki çalışmalar təqdim olunur. Aygün Orucova, riyaziyyat üzrə fəlsəfə doktoru Rövşən Babayev və Tofiq Orucovun həmmüəllifliyi ilə işıq üzü görən “Müstəvi üzərində həndəsi çevirmələr” nəşrində müstəvi həndəsəsində çevirmələr nəzəriyyəsi, “Kompleks dəyişənli funksiyalar nəzəriyyəsindən məsələ və misallar” dərs vəsaitində isə kompleks analiz üzrə nəzəri biliklərin praktiki tətbiqi və məsələ həlli metodikaları işıqlandırılır.
Təlim-tədris prosesində və elmi-tədqiqat işlərində mühüm mənbə olan yeni dərs vəsaitləri ilə Prezident Kitabxanasında tanış olmaq mümkündür.