Prezident Kitabxanası dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin zəngin irsinin təbliği və gələcək nəsillərə çatdırılması məqsədilə növbəti virtual sərgini oxucuların təqdim edib.
XII əsrdə Gəncə şəhərində yaşayıb-yaratmış Nizami Gəncəvi yüksək bədii-estetik dəyəri, dərin fəlsəfi məzmunu və ümumbəşəri ideyaları ilə seçilən əsərləri ilə Şərq və dünya ədəbi-fəlsəfi fikrinin inkişafına mühüm təsir göstərmişdir. Şairin yaradıcılığının zirvəsini təşkil edən məşhur “Xəmsə”yə “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə” poemaları daxildir. Bu əsərlərdə ədalət, humanizm, mənəvi kamillik, elm və hikmət, məhəbbət, sədaqət və insan ləyaqəti kimi ümumbəşəri dəyərlər öz parlaq bədii ifadəsini tapmışdır.
Nizami Gəncəvinin zəngin irsi əsrlər boyu Azərbaycan xalqının milli-mənəvi sərvətlərindən biri kimi qorunub saxlanılmış, eyni zamanda Şərq xalqlarının ədəbiyyatına və incəsənətinə mühüm təsir göstərmişdir. Onun əsərləri müxtəlif dillərə tərcümə edilərək dünya ədəbiyyatının qiymətli nümunələri sırasında öz layiqli yerini tutmuşdur. Şairin yaradıcılığının öyrənilməsi, nəşri və təbliği Azərbaycan ədəbiyyatşünaslığının mühüm istiqamətlərindən birini təşkil edir.
Virtual sərgidə Nizami Gəncəvinin həyat və yaradıcılığı, əsərləri, dünya ədəbiyyatındakı mövqeyi, ədəbi irsinin tədqiqi və nəşri ilə bağlı kitablar, məqalələr, fotoşəkillər və digər materiallar təqdim olunur. Sərgi oxuculara dahi şairin zəngin irsi ilə elektron formatda tanış olmaq, onun yaradıcılığının müxtəlif istiqamətləri və ədəbiyyat tariximizdəki əhəmiyyəti barədə ətraflı məlumat əldə etmək imkanı yaradır.
Azərbaycan ədəbiyyatının klassiki, dünya poeziyasının ən böyük sənətkarlarından biri olan Nizami Gəncəvi (1141–1209) zəngin yaradıcılığı ilə Şərq və dünya ədəbi-fəlsəfi fikrinin inkişafına mühüm təsir göstərmişdir. XII əsrdə Gəncə şəhərində yaşayıb-yaratmış…