Prezident Kitabxanasının fonduna dahi bəstəkar, Azərbaycan peşəkar musiqi sənətinin və operasının banisi Üzeyir Hacıbəylinin zəngin irsinə həsr olunmuş yeni dəyərli nəşr — “Musiqi sənətinin Üzeyir dühası” adlı elmi məqalələr toplusu daxil olub.
Nəşr Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində 35 ildən artıq müddətdə fəaliyyət göstərən “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasının əməkdaşları tərəfindən hazırlanmışdır. Nəşrin elmi redaktoru BMA-nın Elm və innovasiya məsələləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadədir.
Topluda dahi bəstəkarın çoxşaxəli fəaliyyəti, elmi-nəzəri irsi və Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı müstəsna xidmətləri geniş və əhatəli şəkildə araşdırılır. Nəşrdə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”, “Arşın mal alan” kimi operetta və musiqili komediyalarının dramaturji xüsusiyyətləri təhlil edilməklə yanaşı, “Arşın mal alan” operettası üçün yazılmış, lakin vaxtilə səslənməmiş və unudulmuş mahnılar barədə aparılan maraqlı elmi araşdırmalar təqdim olunur.
Tədqiqatda bəstəkarın maarifçilik ənənələri, onun davamçısı Əfrasiyab Bədəlbəyli ilə qarşılıqlı yaradıcılıq əlaqələri, Azərbaycan Dövlət Konservatoriyasının təşkili və milli musiqi təhsilinin formalaşmasındakı rolu xüsusi işıqlandırılır. Eyni zamanda, Üzeyir Hacıbəylinin görkəmli bəstəkar Müslüm Maqomayevlə birgə Azərbaycan folklor nümunələrini toplayaraq nota köçürməsi, Qərbi Azərbaycan folklorunun praktiki əhəmiyyəti və Naxçıvan musiqi mühiti ilə qarşılıqlı əlaqələri elmi müstəvidə nəzərdən keçirilir.
Nəşrdə ifaçılıq sənətindəki novatorluq meyillərinə də geniş yer ayrılmışdır. Bu çərçivədə tarzən Mirzə Sadıq Əsəd oğlunun (Sadıqcan) tar ifaçılığındakı yenilikləri, habelə Üzeyir bəyin təşkil etdiyi ilk notlu Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində Qılman Salahovun kamança ifaçısı kimi fəaliyyəti kimi diqqətəlayiq tarixi məqamlar araşdırılır. Nəhayət, bəstəkarın yaradıcılığında milli musiqi dili ilə Qərb musiqi dilinin sintezi müasir musiqişünaslıqda “musical bilingualism” (musiqili bilinqvizm) konsepti çərçivəsində dəyərləndirilərək oxuculara təqdim edilir.
Musiqişünaslar, tədqiqatçılar, ali məktəb müəllimləri və tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu dəyərli elmi mənbə ilə Prezident Kitabxanasında tanış olmaq mümkündür.
Musiqi sənətinin Üzeyir dühası: elmi məqalələr toplusu / G. A. Abdullazadə, R. B. Bəhmənli, N. Bayramova [et al.]; elmi red. G. Abdullazadə; Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası.- Bakı: Elm və təhsil, 2026.- 244 s.- Azərbaycan və rus dillərində.