Prezident Kitabxanasına tədqiqatçı Dilqəm Əhmədin “Qərbi Azərbaycandan köçlər: Mühacirlər, xatirələr, sənədlər” kitabı daxil olmuşdur.
Nəşrdə son 200 il ərzində tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisindən soydaşlarımızın onlara qarşı həyata keçirilən soyqırımları və deportasiyalar nəticəsində doğma yurdlarından didərgin salınması, müxtəlif ölkələrdə məskunlaşaraq həyat və fəaliyyətlərini davam etdirməsi ilə bağlı tarixi faktlar, sənədlər və xatirələr təqdim olunur. Xüsusilə XX əsrin birinci rübündə doğma ocaqlarını tərk etmək məcburiyyətində qalan Qərbi azərbaycanlı mühacirlərin həyat hekayələri nəşrdə geniş şəkildə əksini tapır.
Nəşrin “Qərbi azərbaycanlı mühacirlər” adlı birinci bölməsində Əkbər ağa Şeyxülislamzadə, Məhəmməd Məhərrəmov, Məhəmməd Ağaoğlu, Hüseyn xan Turqut, Hüseyn xan Talınlı, Əlibəyzadə (Araslı) ailəsi, Tahir Mehmandarlı, Qafar Güney, Əli Aran, Həsən Zeynallı, Cabbar Ərtürk, Qədir Süleyman, Əlirza İsmixanov (Yalçın), Abbasəli Çətin, Fatullahovlar (Türkel, Yalçınkaya), Əsəd Əliyev (Atasevər), Ekinci və Odoğlu ailələri, Əmir Əli Sərdari İrəvani və digər Qərbi Azərbaycan əsilli soydaşlarımız haqqında ətraflı məlumat verilir. Müəllif Türkiyədə məskunlaşmış soydaşlarımızın ailə üzvləri ilə görüşərək onların fotoşəkillərini, eləcə də Türkiyənin müxtəlif arxivlərində qorunan sənədləri araşdırmış və əldə etdiyi materialları kitaba daxil etmişdir.
Kitabın “Qərbi azərbaycanlı mühacirlərin irsindən nümunələr” adlı ikinci bölməsində Əkbər ağa Şeyxülislamzadənin “Bir xatirə Azərbaycanın süqutuna təqəddüm edən diplomasi müzakiratından”, Məhəmməd Məhərrəmovun “Zaqafqaziya Seymi”, Məhəmməd Uluxanın “İrəvandan hicrətimiz”, Məhəmməd Əlibəyzadənin “Xatirələrim”, Şəfiqə Əlibəyzadə (Araslı)nın “Xatirələrim”, Fuad Araslının “Fəthin 500-cü ili. İstanbul”, Məhəmməd Türkelin “Türk analarına”, Cabbar Ərtürkün “Mənim macəralı həyatım” və Məcid Bahçıvanın “İrəvandakı son gecəmiz” başlıqlı məqalələrinin tam mətnləri təqdim olunur.
Sənədlər və fotoşəkillərlə zəngin olan nəşr Qərbi azərbaycanlı soydaşlarımızın mühacirət tarixini, müxtəlif ölkələrdəki həyat və fəaliyyətini, eləcə də onların zəngin irsini öyrənmək baxımından əhəmiyyət daşıyır. Tarixi faktları, şəxsi xatirələri, arxiv sənədlərini və fotoşəkilləri bir araya gətirən kitab Qərbi azərbaycanlıların mühacirət tarixini və irsini araşdıran tədqiqatçılar, mütəxəssislər, tələbələr, həmçinin tarix, milli yaddaş, mühacirət və diaspor məsələlərinə maraq göstərən geniş oxucu auditoriyası üçün dəyərli nəşrdir. Nəşrin sonunda “Adlar göstəricisi”nin yer alması isə kitabda haqqında məlumat verilən şəxslər barədə məlumatların axtarışını və istifadəsini asanlaşdırır.
Əhməd, Dilqəm. Qərbi Azərbaycandan köçlər: mühacirlər, xatirələr, sənədlər / D. Əhməd.- Bakı: Çapar, 2026.- 360 s.