AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Elm fədailəri. Klassik irsin tədqiqat tarixindən seçmələr” və “Beynəlxalq Elmi Konfransın materialları” adlı kitabları Prezident Kitabxanasına hədiyyə edib.
“Elm fədailəri. Klassik irsin tədqiqat tarixindən seçmələr” kitabı repressiya illərində təqiblərə məruz qalmış ziyalıların xatirəsinə həsr olunub. Nəşrə 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayın iştirakçılarının, o cümlədən medievist alimlərin məqalələri daxil edilib. Kitabda, həmçinin XX əsrin ikinci yarısında klassik irsin tədqiqinə dair araşdırmalar və müasir dövr alimlərinin nəzəri tədqiqatları əks olunub.
“Beynəlxalq Elmi Konfransın materialları” kitabında 8–11 dekabr 2019-cu il tarixlərində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə Bakıda keçirilmiş “Nəsimi-650” mövzusunda beynəlxalq elmi konfransın materialları toplanıb.
Hər iki nəşr Azərbaycan ədəbiyyatının klassik irsinin və ədəbiyyatşünaslıq tarixinin araşdırılması baxımından əhəmiyyət daşıyır. Kitabların Prezident Kitabxanasının fonduna daxil edilməsi klassik irsin tədqiqi və Nəsiminin yaradıcılığı ilə bağlı elmi materiallardan oxucuların, tədqiqatçıların və mütəxəssislərin istifadəsinə imkan yaradır.