Xəbərlər

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 149-cu cildi Prezident Kitabxanasının fonduna daxil olub

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 149-cu cildi Prezident Kitabxanasının fonduna daxil olub

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 149-cu cildi Prezident Kitabxanasının fonduna daxil olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çoxşaxəli dövlətçilik fəaliyyətini və ölkənin daxili və xarici siyasət istiqamətlərini əhatə edən “İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin növbəti – 149-cu cildi Prezident Kitabxanasının fonduna daxil olub. Nəşrdə 2025-ci ilin noyabr ayından 2026-cı ilin yanvar ayınadək olan dövrdə ölkə daxilində və beynəlxalq müstəvidə baş vermiş mühüm ictimai-siyasi hadisələr, dövlət başçısının rəsmi səfərləri, keçirdiyi görüşlər və etdiyi çıxışlar xronoloji ardıcıllıqla təqdim edilir.

Çoxcildliyin bu cildində Prezident İlham Əliyevin Özbəkistan və Slovakiya respublikalarına, həmçinin Birləşmiş Ərəb Əmirliklərinə səfərlərinə dair materiallar toplanıb. Nəşrdə dövlət başçısının Mərkəzi Asiya dövlət başçılarının 7-ci Məşvərət Görüşündə iştirakı, NATO və ABŞ nümayəndə heyətləri ilə keçirdiyi görüşlər, regional əməkdaşlıq, beynəlxalq təhlükəsizlik və çoxtərəfli münasibətlərə dair çıxış və bəyanatları da öz əksini tapıb.

Kitabda Prezident İlham Əliyevin Vətən müharibəsində Qələbənin 5-ci ildönümü münasibətilə Şəhidlər xiyabanını ziyarətinə, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəyə həsr edilmiş hərbi paradda iştirakına və Zəfər Muzeyinin açılış mərasiminə dair materiallar da yer alıb. Həmin materiallarda Azərbaycanın tarixi Zəfərinin dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli həmrəyliyin gücləndirilməsi və tarixi yaddaşın qorunması baxımından əhəmiyyəti geniş şəkildə təqdim olunur.

149-cu cildə dövlət başçısının Qarabağ bölgəsinə səfəri çərçivəsində Xankəndi şəhərində Zəfər parkının, Ağdam şəhərində isə 2-ci yaşayış kompleksinin açılış mərasimlərində iştirakı, həmin ərazilərə köçən sakinlərlə görüşləri zamanı etdiyi çıxışlar daxil edilib. Bununla yanaşı, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciəti də nəşrdə yer alıb.

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyi Azərbaycanın müasir siyasi tarixinin, dövlət idarəçiliyi təcrübəsinin və sosial-iqtisadi inkişaf mərhələlərinin öyrənilməsi baxımından mühüm mənbələrdən biridir. Nəşr tədqiqatçılar, tarixçilər, politoloqlar, ali təhsil müəssisələrinin müəllim və tələbələri, eləcə də geniş oxucu auditoriyası üçün Prezident İlham Əliyevin fəaliyyətinin müxtəlif istiqamətlərini sistemli şəkildə izləməyə imkan verən mühüm informasiya resursu kimi xüsusi əhəmiyyət kəsb edir.

Kitab haqqında
İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər

İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər

Əliyev, İlham Heydər oğlu. İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər / İ. H. Əliyev; bur. məsul Ə. Ağalarov.
149-cu kitab: noyabr 2025 - yanvar 2026.- Bakı: Azərnəşr, 2026.- 392 s.