Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd olunur. Bu əlamətdar tarix münasibətilə Prezident Kitabxanasında Ağdamın tarixinə, zəngin mədəni irsinə, işğaldan azad olunmasına və müasir inkişafına həsr olunmuş virtual kitab sərgisi hazırlanıb.
Ekspozisiyada Ağdam rayonunun tarixi, sosial-iqtisadi inkişafı, milli-mədəni dəyərləri, memarlıq abidələri və folklor irsi ilə yanaşı, Qarabağ münaqişəsinin tarixi, işğal nəticəsində bölgədə törədilmiş dağıntılar, Vətən müharibəsində qazanılmış tarixi Qələbə və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı nəşrlər təqdim olunur. Burada, həmçinin Ağdamın işğaldan azad edildikdən sonrakı inkişafını, mədəni irsinin qorunmasını və Böyük Qayıdış çərçivəsində həyata keçirilən bərpa-quruculuq tədbirlərini əks etdirən materiallar yer alır.
Üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, 2020-ci il noyabrın 20-də Ağdam rayonu hərbi əməliyyatlar aparılmadan Azərbaycana qaytarıldı və 27 illik işğala son qoyuldu. Hazırda şəhərin təsdiq edilmiş Baş planına uyğun olaraq genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, yeni yaşayış məhəllələri salınır, infrastruktur yenidən qurulur, sosial və iqtisadi təyinatlı layihələr həyata keçirilir. Prezident İlham Əliyevin bilavasitə nəzarəti altında davam etdirilən bu tədbirlər Ağdamın tarixi-mədəni irsinin qorunmasına, şəhərin sosial-iqtisadi həyatının canlandırılmasına və əhalinin doğma yurda qayıdışı üçün zəruri şəraitin yaradılmasına xidmət edir.
Ağdam Şəhəri Gününə həsr olunmuş virtual kitab sərgisi şəhərin tarixinin, zəngin mədəni irsinin, işğal dövrünün və azadlıqdan sonrakı inkişafının öyrənilməsi baxımından əhəmiyyət kəsb edir. Sərgidə təqdim olunan nəşrlər oxucuların Ağdamın tarixi, mədəniyyəti və müasir inkişafı haqqında dolğun məlumat əldə etməsinə, mövzu ilə bağlı elmi, tarixi və biblioqrafik ədəbiyyatla tanış olmasına imkan yaradır.
20 noyabr Azərbaycan xalqının tarixi yaddaşında mühüm yer tutan, Ağdamın azadlığı, dirçəlişi və gələcəyə inamını təcəssüm etdirən əlamətdar gündür. 2020-ci il noyabrın 20-də Ağdam şəhəri Ermənistanın işğalından azad edilmiş, şəhərin…