Azərbaycan Texniki Universitetinin professoru, Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Əməkdar Müəllimi Elçin İsgəndərzadə Prezident Kitabxanasına 86 adda kitab hədiyyə edib. Müxtəlif elm və bilik sahələrini əhatə edən nəşrlər kitabxana fondunun zənginləşdirilməsinə, elmi informasiya bazasının genişləndirilməsinə və istifadəçilərin müxtəlif istiqamətlər üzrə mənbələrə çıxış imkanlarının artırılmasına xidmət edir.
Prezident Kitabxanasına təqdim olunan nəşrlər mövzu və məzmun müxtəlifliyi ilə seçilir. Kitablarda Azərbaycan və türk dünyasının ədəbi-mədəni irsi, poeziya, publisistika, Qarabağ və Şuşa mövzusu, milli-mənəvi dəyərlər, İraq türkmanlarının tarixi, mədəniyyəti və ədəbi əlaqələri ilə bağlı araşdırmalar əksini tapır. Bununla yanaşı, nəşrlər sırasında aerokosmik elm, məsafədən zondlama texnologiyaları, metrologiya, standartlaşdırma, nanotexnologiya, ekologiya, kənd təsərrüfatı texnologiyaları, neft-qaz infrastrukturu, ətraf mühit problemləri və tətbiqi mühəndislik sahələrinə dair elmi əsərlər də mövcuddur.
Hədiyyə edilən nəşrlər arasında professor Elçin İsgəndərzadənin müəllifi olduğu poetik, publisistik və elmi əsərlərlə yanaşı, müxtəlif dillərdə çap edilmiş monoqrafiyalar, antologiyalar, bioqrafik kitablar, elmi araşdırmalar və beynəlxalq elmi-mədəni əlaqələri əks etdirən nəşrlər də yer alır. Tematik və məzmun baxımından zəngin olan bu kitablar Azərbaycan elmi və ədəbi fikrinin müxtəlif istiqamətlərinin öyrənilməsi, həmçinin türk dünyasının ortaq mədəni irsinin araşdırılması üçün əlavə mənbələr təqdim edir.
Prezident Kitabxanası fondunun yeni nəşrlərlə zənginləşdirilməsi tədqiqatçılar, alimlər, müəllimlər, tələbələr və oxucular üçün müxtəlif istiqamətlər üzrə araşdırmalar aparılmasına, elmi və ədəbi mənbələrdən istifadəyə, mövcud informasiya ehtiyatlarının genişləndirilməsinə əlavə imkanlar yaradır.
Prezident Kitabxanası tərəfindən professor Elçin İsgəndərzadəyə fondun zənginləşdirilməsinə verdiyi töhfəyə görə təşəkkür bildirilir.