Xəbərlər

Prezident Kitabxanasında Konstitusiya Gününə həsr olunmuş kitab sərgisi təşkil edilib

Prezident Kitabxanasında Konstitusiya Gününə həsr olunmuş kitab sərgisi təşkil edilib

Prezident Kitabxanasında Konstitusiya Gününə həsr olunmuş kitab sərgisi təşkil edilib

1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq referendumu müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının müəyyənləşdirilməsində tarixi rol oynamışdır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası dövlət quruluşunun və hakimiyyətin təşkili prinsiplərini, insan və vətəndaş hüquq və azadlıqlarının təminatının əsaslarını müəyyənləşdirmişdir. Əsas Qanun Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafının hüquqi çərçivəsini müəyyən etməklə hakimiyyət bölgüsü və qanunun aliliyi prinsiplərinin bərqərar olmasına, müasir dövlətçilik institutlarının formalaşmasına möhkəm zəmin yaratmışdır.

Bu əlamətdar tarix münasibətilə Prezident Kitabxanasında 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş kitab sərgisi təşkil edilərək oxucuların istifadəsinə verilib.

Kitab sərgisində Azərbaycan Respublikasının Konstitusiyasının qəbul tarixi, əsas müddəaları və ölkəmizdə konstitusion inkişafın mərhələləri, konstitusiya hüququnun nəzəri və praktiki əsasları, hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının müdafiəsi, dövlət hakimiyyəti orqanlarının hüquqi statusu və səlahiyyətləri ilə bağlı nəşrlər nümayiş olunur. Burada Konstitusiyanın müxtəlif illərdə nəşr edilmiş mətnləri, ona edilmiş əlavə və dəyişiklikləri əks etdirən toplular, Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri və məhkəmə təcrübəsinə dair materiallarla yanaşı, konstitusiya hüququ, konstitusionalizm, parlament və deputatlıq fəaliyyətinin hüquqi əsasları, normativ hüquqi aktlar haqqında elmi və tədris ədəbiyyatı da yer alır. Nəşrlərdə, həmçinin Naxçıvan Muxtar Respublikasının konstitusion quruluşu, Konstitusiyanın terminoloji xüsusiyyətləri, milli və beynəlxalq hüquq normalarının qarşılıqlı əlaqəsi, eləcə də Azərbaycanın dövlət rəmzlərinin hüquqi əsasları kimi məsələlər əhatə olunur.

Sərgi Azərbaycan Respublikasının Konstitusiyasının tarixi və hüquqi mahiyyətinin, ölkəmizdə konstitusion dövlət quruculuğunun əsas prinsiplərinin daha dərindən öyrənilməsi baxımından mühüm maarifləndirici əhəmiyyət daşıyır.